Məad (Qayıdış)

İnsanın ölümlə məhv olmaması, əksinə ayrı bir aləmə qovuşub orada, həyata keçirdiyi yaxşı və pis əməllərin əvəzini alacağına inam bütün səmavi dinlərin başlıca prinsiplərindən biri olmuşdur. Demək olar ki, bütün din və məzhəblərin insanları başlanğıc nöqtəyə (hər şeyin ilkin səbəbi olan Tanrıya doğru) dəvət etməsi daim məadla yanaşı olmuş və peyğəmbərlər bu dünyanın əbəs yerə yaranmadığını, ölümdən sonrakı həyatda gördüyü bütün işlər üçün insanın mühakimə olunacağını xatırlatmışlar. Qurani-kərim bu haqda buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminun, 115).

Məad məsələsi təkcə nəqli (ənənəvi - Quran, hədis və s.) dəlillərlə deyil, həm də elmi, fəlsəfi - rasional yollarla isbat edilir. Bu mövzu ilə bağlı etiqadi kitablarda geniş müzakirələr aparılmışdır. Xatırlatmaq lazımdır ki, Məad, Allahın alim, adil, qadir olduğunu qəbul etdikdən sonra bəhs edilir.

 

Bərzəx - ölümdən sonrakı həyat

Bərzəx həyatı:

Quran buyurur: “Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm qarşılığında yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır” (Muminun, 110).

Bərzəx ölümdən sonra mövcud olan qəbir həyatıdır. Orada hər insan gördüyü yaxşı və pis əməllərə görə qısa olaraq mühakimə edilir və sorğu-sualdan sonra bu şəxslər davranışlarına uyğun olaraq müvəqqəti yerdə saxlanılır. İslam peyğəmbəri (s) bu haqda buyurmuşdur: Qəbir ya cənnət bağlarından, ya da cəhənnəm quyularındandır”. Amma bunu diri insanlar hiss etmir. Necə ki, insan yuxuda şirin duyğular və iztirablı səhnələr gördükdə onun ətrafında olanlar bunu duymur və halından xəbərdar olmurlar.

 

Qiyamət və axirət dünyası

(Esxatologiya)

Qiyamət: Yer və göy bir-birinə qarışdıqdan, bütün planetlər dağıldıqdan sonra insanlar qəbirdən qalxıb, diriləcəklər. Böyük bir səhrada ilahi məhkəmə qurulacaq və ədalət meyarı olan peyğəmbərlər, imamlar, əməlisalehlər orada olacaq və öncədən hazırlanmış əməl dəftərləri insanlara təqdim olunacaq. Bu zaman şahidləri onların etdiklərinə şəhadət verəcəklər. Sonda dünyada yaxşı əməl sahibləri səadətə qovuşacaq, pis əməl sahibləri isə zəlalətə uğrayacaqlar. Belə olan halda, insanların cəhənnəm odunda yammamaları üçün yaxşı əməl sahibi olmalarının zəruriliyi aydınlaşır. Əks təqdirdə, sonsuz əzab, zillət onları gözləyir.

 فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَه‏ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَه‏

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zilzal, 7-8).