:: İmamın təyin edilməsi zərurəti

:: Imamı kim təyin edir?

:: Qədir-xum hadisəsi
:: İmamət, ilk və son vəhy göstərişi.
:: Peyğəmbərin həqiqi xəlifələri
:: Şiə, səmavi ad
:: Vəhy xanədanının əhli-beyti
:: Peyğəmbərin qızı
:: Birinci imam
:: Ikinci imam
:: Üçüncü imam
:: Dördüncü imam
:: Beşinci imam
:: Altıncı imam
:: Yeddinci imam
:: Səkkizinci imam
:: Doqquzuncu imam
:: Onuncu imam
:: On birinci imam
:: On ikinci imam

 

İmamət
“İmam” sözü hərfi məna etibarı ilə ardıcıllarının qarşısında hərəkət edən şəxsə deyilir. Belə ki, bu şəxs onların dini, siyasi, ictimai və ya elmi məsuliyyətinin daşıyıcısı da ola bilər. Lakin Şiə sxolastikası terminologiyasında “imam” Peyğəmbərdən (s) sonra Allah tərəfindən təyin edilmiş öndərə deyilir. Peyğəmbərlər bilavasitə Tanrı tərəfindən seçildiyi və təyin edildiyi kimi “imam” da bu məqama ən ləyaqətli bəndə olmaq etibarı ilə Tanrı tərəfindən təyin edilir. Bu mövzu ilə bağlı iki məqama toxunmaq yerinə düşərdi:
1) İmamın təyin edilməsi zərurəti;
2) Onun Allah tərəfindən təyin edilməsi.

İmamın təyin edilməsi zərurəti
Peyğəmbərlərin mövcudluğunun zərurəti imamın varlığının zərurətini üzə çıxarır. Aydındır ki, hər bir hərəkatın inkişaf prosesi bilavasitə müdrik bir liderin mövcudluğundan asılıdır. Əks təqdirdə, uğursuzluq, azğınlıq, qarşıya qoyulan məqsədə hakim kəsiləcək və inkişaf prosesi tənəzzülə uğrayacaqdır. Dogrudur ki, Allah insana ağıl vermiş və peyğəmbər, kitab göndərmişdir, lakin müxtəlif zaman və məkanlarda mövcud olan şərait, ətraf mühitin təsirləri insanı düzgün seçimdən yayındıraraq tərdidə salır. Belə olan halda əksər insanlar səadətə qovuşmaq əvəzinə zəlalətə uğrayır

Imamı kim təyin edir?
Müsəlmanların imam məsələsindəki fikir ayrılığı onların Sünnu və Şiə məzhəblərinə parçalanmasına səbəb olmuşdur. Şiələr, Quran, Peyğəmbər (s) və Əhli-beytin (ə) buyuruqlarına əsaslanaraq, imamət məqamını nübüvvətin davamı hesab edirlər. Allahın əmrinə görə, İslam peyğəmbəri (s) özündən sonra, xalqın dini-ictimai məsuliyyətini üzərinə almaq üçün canişin təyin edir. İmam, ictimai məsuliyyətindən əlavə, dinin əsliliyinin, orijinallığının mühafizəçisi olub, bəzi anlaşılmaz məsələri, qarşıya çıxan yeni dini-hüquqi problemləri həll edir. Bu səbəbdən, Şiə məzhəbi imamət prinsipini “üsulid-din”in (dinin əsasıarı, prinsipləri) bir parçası kimi qəbul edir. Nübuvvət müddəasında olduğu kimi imamət tezisində də təqlid məqbul hesab edilmir, əksinə bu, kəskin dəlillərlə əsaslandırılaraq etiqad bəslənilməlidir. Nübuvvət və imamət məqamları bir-biri ilə sıx əlaqəli olan iki prinsipdir. Bir çox dini məsələlərdə müştərək funksiya daşıyırlar. Onları yalnız bir cəhət ayırır; peyğəmbər dinin təsisçisi, səmavi (ilahi) qanunların təbliğatçısı və bilavasitə vəhylə əlaqəli olan şəxs, imam isə, peyğəmbərin müəyyən zaman və məkan kəsiyində açıqlaya bilmədiyi mövzuların şərhçisdir.
Öncə qeyd etdiyimiz kimi, imam peyğəmbərdən sonra, xalqın dini-ictimai məsuliyyətini üzərinə alan, dinin əsliliyinin, orijinallığının mühafizəçisi olub, bəzi anlaşılmaz məsələri, zamanın tələbindən doğan yeni dini-hüquqi problemləri həll edən şəxsdir. Bu baxımdan imam da peyğəmbər kimi nümunəvi əxlaqa, dini və qünyəvi sahələrdə yüksək elmə malik olmalı və məsum olmaqla yanaşı hər növ xəta və günahdan uzaq olmalıdır.
Diqqət çəkən bir məqam
Məsum imamların mühüm və ağır məsuliyyəti ilə tanış olduqdan sonra İslam aləmi üçün taleyüklü məsələ olan Peyğəmbərin (s) canişini məsələsinə göz yumulması mümkündürmü? Əsla! (Buna göz yummaq olmaz). Elə buna görə də məsum imamı Allah təyin edir və bu uca məqam hər şəxsə rəva görülmür.
Digər tərəfdən, İslam peyğəmbərinin (s) müqəddəs dinimizi olmazın zəhmət və əzab-əziyyətlər bahasına təsis etdiyini müşahidə edirik. Belə olan halda, ağıl və məntiqə sığırmı ki, o həzrət özundən sonra müsəlmanlara rəhbərlik edəcək canişin təyin etməsin və bu taleyüklü məsələyə laqeyd qalsın? Necə inanmaq olar ki, Peyğəmbər (s) bir şəhərdən digər şəhərə getdiyi zaman yerinə canışın təyin edir, lakin (vəfat edəcəyını bildiyi halda) ümmətinin ondan sonrakı taleyinə biganə qalır və çoxsaylı müsəlmanları, öz yerinə heç kimi təyin etməyərək nəzəri və əməli baxımdan başsız qoyur? Ağıl və idraka sığırmı ki, o həzrət heç bir zaman və məkana xas olmayan ümumbəşəri dini başsız qoysun və onun bu şərəfli yolunu davam edəcək bir şəxs təyin etməsin? Azacıq fikirləşdikdə imamət müddəasının zərurəti məntiq və ağılın hökmü ilə öz həllini tapır. Tarix və hədis kitablarına müraciət etdikdə bu tezis daha da canlanır. Çünki Peyğəmbər (s) qətiyyətlə buyurur: “Zamanının imamını tanımadan dünyasını dəyişən kimsə cahiliyyət dönəmində ölmüş şəxsə bənzəyir”. Bu hədisdə imamı tanımağa o qədər əhəmiyyət verilmişdir ki, onu tanımayan insanı küfr və cahillik astanasında olduğu bildirilmişdir. Belə olan halda, İslam peyğəmbəri (s) ümmətinin cahiliyyət dönəminə doğru geri dönməsinə necə razı olar?
İslam peyğəmbəri (s) ilk təbliğ mərasimində, Allahın əmri ilə qohumlarını Əbu Talibin evinə dəvət edib buyurdu: “Allah mənə sizi onun dininə dəvət etməyi əmr edib. Aranızda mənimlə həmkarlıq edəcək kimsə varmı? Əgər varsa, o, mənim qardaşım, vəsim və canişinim olacaq”. Əlidən (ə) başqa heç kəs o həzrətə müsbət cavab vermədi. Bunu görən Peyğəmbər (s) Əlini (ə) öz qardaşı, vəsisi və özundən sonra ilk xəlifə, imam elan etdi.

Qədir-xum hadisəsi
İslam peyğəmbəri (s) ömrünün son ilində “Həccətül-vida” (ilk öncə burada müsəlmanlara verilən böyük xəbərlə bağlı olaraq Həccətül-vida - vida həcci - deyil, Həccətül-bəlağ deyilirdi, lakin həzrət Peyğəmbərin (s) vəfatından sonra bu söz Həccətül-vida sözü ilə əvəz edildi) kimi məşhurlaşan həcc ziyarətini həyata keçirib Mədinə şəhərinə qayıtdıqda, coğrafi baxımdan Mədinəyə, İraqa, Yəmənə və Həbəşəyə ayrılan Qədir-xum adlı yerdə “Vəhy mələyi” bu ayəni ona nazil etdi: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni(tam şəkildə insanlara) təbliğ et (çatdır). Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanların (ehtimal olunan təhlükələrindən) qoruyacaq. Həqiqətən, Allah (inadkar) kafir cəmiyyəti düz yola yönəltməz!”(Maidə, 67).
Peyğəmbər (s) hamının dayanması əmrini verdi. Qabaqda olanlar geri, arxada qalanlar isə irəli gəldilər. Zöhr namazını qıldıqdan sonra dəvə yəhərlərindən düzəldilmiş hündür yerə qalxıb məşhur “Qədir” xütbəsini uca və aydın səslə oxumağa başladı.
“Ey camaat! Allaha qovuşmağım yaxınlaşmışdır... Mən sizin aranızda iki böyük əmanət qoyuram; biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir. Allah mənə bu ikisinin heç vaxt bir-birindən ayrı düşməyəcəyini xəbər vermişdir...”. Sonra Əlinin (ə) əlini yuxarı qaldırıb onu özundən sonra imam və xəlifə təyin etdi və üç dəfə buyurdu: “Mən kimin rəhbəriyəmsə, Əli (ə) də onun rəhbəridir”. Bu zaman üzünü Allaha tərəf tutub dedi: “Ey Tanrım! Əlini (ə) sevənləri sev, onunla düşmən olanlarla düşmən ol. Ey Tanrım! Əlinin (ə) dostlarına yardımçı ol, düşmənlərini isə xar et. Əlini (ə) haqq meyarı et”. Sonra yenə buyurdu: İndicə vəhy mələyi nazil olub bu ayəni gətirdi: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (Maidə, 3).
Bu tarixi hadisə “əl-Qədir” kitabının birinci cildində Şiə və Sünni mənbələri əsasında, geniş şəkildə qeyd olunmuşdur.

İmamət, ilk və son vəhy göstərişi.
Deməli, Peyğəmbər (s) İslamı ilk təbliğ marəsimində və sonda, Qədir-xum səhrasında, geniş müsəlman kütləsi qarşısında öz canişinini insanlara elan edərək dinini təkmilləşdirdi. Bu iki hadisə arasındakı dönəmdə də dəfələrlə imamət məsələsini xalqa çatdırır və heç bir şübhə yeri saxlamırdı.
Həmçinin Əhli-sünnə alimləri Peyğəmbərdən (s) məsum imamların (ə) Allah tərəfindən təyin olunması ilə bağlı çoxsaylı “mütəvatir” hədislər nəql etmişlər. Bəzən onları öz itrəti və Əhli-beyti kimi yad etmiş, bəzən də onların sayını bəyan edərək buyurmuşdur: “Məndən sonrakı imamlar Musanın (ə) tərəfdarları, İsanın (ə) həvarilərinın sayı qədər, on iki nəfərdirlər”. Yaxud buyurmuşdur: “Məndən sonrakı imamlar on iki nəfərdir. Ey Əli! Onların birincisi sən, sonuncusu isə Allah-taalanın onun vasitəsi ilə Şərq və Qərbi genişləndirəcəyi Qaimdir”. Salman Farsidən nəql olunan bir rəvayətdə deyilir: “Bir gün Peyğəmbərin (s) hüzuruna gəldikdə Hüseyn ibn Əlinin (ə) Peyğəmbərin (s) dizi üstündə oturduğunu gördüm. O həzrət (s) onun gözünü, ağzını öpərək buyururdu: “Sən böyüksən və böyüyün oğlusan, sən imamsan, imam övladı, imamın qardaşı və (özündən sonrakı) imamların atasısan. Sən Allahın höccəti, Allah höccətinin oğlu və (özündən sonra) doqquz Allah höccətinin atasısan. Onlar sənin nəslindən dünyaya gələcək. Onların sonuncusu Qaimdir”.

Peyğəmbərin həqiqi xəlifələri
Peyğəmbərin (s) həqiqi xəlifələri olan məsum imamlar (ə) aşağıdakılardır:
1. Həzrət Əmirəlmöminin Əli ibn Əbu Talib (ə);
2. İmam Həsən (ə);
3. İmam Huseyn (ə);
4. İmam Zeynül-abidin həzrət Əli ibn Hüsyen (ə);
5. İmam Baqir həzrət Məhəmməd ibn Əli (ə);
6. İmam Sadiq həzrət Cəfər ibn Məhəmməd (ə);
7. İmam Kazim həzrət Musa ibn Cəfər (ə);
8. İmam Rza həzrət Əli ibn Musa (ə);
9. İmam Cavad həzrət Məhəmməd ibn Əli (ə);
10. İmam Hadi həzrət Həsən ibn Əli (ə);
11. İmam Əsgəri həzrət Həsən ibn Əli (ə);
12. İmam Zaman həzrət Məhdi Höccətəllah ibn Həsən (əccələllahu Təala fərəcəhuş-şərif).

Şiə, səmavi ad
Diqqət yetiriləcək məsələlərdən biri də Qurani-kərimdə “şiə” sözünün İbrahim Xəlilullahın haqqında işlədilməsidir. Ayədə deyilir: ﴾ وَإِنَّ مِن شِيعَتِهِ لَإِبْرَاهِيمَ ﴿ “Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (ardıcıllarından) idi” (Saffat, 83).
İslam peyğəmbəri (s), Əlinin (ə) dost və ardıcıllarını şiə adlandırmışdır. Hansı ki Sünni alimləri də bu məsələni təsdiq edirlər.
Bəli, Əhli-beytin (ə) ardıcıllarının iftixar etdikləri “Şiə” adı istəkli Peyğəmbərimizin (s) dilindən eşidilmişdir. Cabir ibn Abdullah bu haqda deyir: “Peyğəmbərin (s) yanında əyləşmişdim. Əlinin (ə) uzaqdan gəldiyini gördük. O həzrət (s) buyurdu: “And olsun canım ixtiyarında olana, Əli və onun şiələri qiyamət günü nicat tapanlardır”. Maraqlıdır ki, bu ad İslamın erkən çağlarında, hələ Peyğəmbər (s) sağ ikən Əlinin (ə) Salman, Əbuzər, Miqdad və Əmmar kimi ən yaxın və vəfalı dostlarına deyilirdi.

Vəhy xanədanının əhli-beyti
Burada Peyğəmbərin (s) əhli-beyti, həzrət Fatimə (ə) və məsum imamlar (ə) haqqında qısaca məlumat verməyi lazım bilirik:

Peyğəmbərin qızı
Həzrət Fatimənin (ə) atası Allahın elçisi Məhəmməd ibn Abdullah, anası isə böyük İslam xanımlarından olan həzrət Xədicədir. O, Peyğəmbərin (s) həqiqi canişini həzrət Əlinin (ə) həyat yoldaşı və Allahın yer üzərində höccətləri olan on bir imamın anasıdır. Həzrət Zəhra (ə) cəmadius-sani ayının 20-də, İslam peyğəmbəri (s) qırx beş yaşında olduğu zaman dünyaya gəldi. O, Peyğəmbərin (s) Mədinəyə hicrətindən on bir il sonra cəmadius-sani ayının 3-də, on səkkiz yaşında olduğu zaman şəhid olaraq dünyasını dəyişdi. Əli (ə) ona qüsl verib kəfənlədikdən sonra, o xanımın öz vəsiyyətinə əsasən, Mədinə şəhərində, gizli olaraq onu torpağa tapşırdı. Bu, həzrət Zəhranın (ə) (qiyamət gününə qədər davam edəcək) məzlumluğuna, bəzi şəxslərdən narazı olduğuna canlı sübutdur.
O həzrət ibadət, pərhizkarlıq və fəzilətdə eyni ilə Peyğəmbəri (s) xatırladırdı. Allah-taala Quranda onun barəsində bir neçə ayə nazil etmişdir
Allahın əmri ilə İslam peyğəmbəri (s) o xanımı “Seyyidətün-nisail-aləmin”, yəni “Bütün aləmlərdə olan xanımların sərvəri (böyüyü)” adlandırar və onu çox sevərdi. Belə ki, Fatimə (ə) Peyğəmbərin (s) yanına gəldikdə o həzrət (s) ehtiram üçün onun ayağına durar, öz yanında əyləşdirər və bəzən də onun əlindən öpərdi. Dəfələrlə buyurardı: “Allah Fatimənin qəzəbiylə qəzəblənir, onun razılığı ilə razılaşır”.
O xanım həzrət Zeynəb, Ümmü-Gülsum, həzrət Həsən, Hüseyn və Möhsün kimi övladların anası idi. Möhsün, xilafət qəsbkarları tərəfindən o həzrətə verilən əzablar nəticəsində ana bətnində ikən şəhadətə yetdi.

Birinci imam
Möminlərin ağası Əlinin (ə) atası Əbu Talib, anası isə Fatimə bint Əsəddir. O, Peyğəmbərin (s) əmisi oğlu, kürəkəni və ondan sonra rəhbər olmuş on bir imamın atasıdır.
İmam Əli (ə) Peyğəmbərin (s) dünyaya gəlişindən 30 il sonra, rəcəb ayının 13-də, cümə günü Məkkə şəhərində müsəlmanların qibləgahı olan Kəbə evində dünyaya göz açdı. Ramazan ayının 19-da, cümə axşamı, Kufə məscidində mehrabda ibadət edərkən Əbdürrəhman ibn Mülcəm Muradinin vurduğu qılın yarası ilə ağır yaralandı və üç gün sonra 63 yaşında ikən şəhid olaraq Allaha qovuşdu.
İmam Həsən və İmam Hüseyn (ə) o həzrətə qüsl verərək cənazəsini Nəcəfül-Əşrəfdə, İmamın öz vəsiyyətinə əsasən gizli olaraq torpağa tapşırdılar. O həzrətin (ə) gizli dəfn olunmasına səbəb Xəvaric və s. kimi düşmənlərin şərrindən amanda qalması idi. Sonradan İmam Sadiq (ə) və İmam Kazim (ə), İmam Əlinin (ə) qəbrini aşkara çıxardaraq müsəlmanlara göstərmişlər.
Möminlərin ağası Əlinin (ə) saysız-hesabsız fəzilətləri var. O, Peyğəmbərə (s) iman gətirən ilk şəxs olmaqla yanaşı heç zaman bütə sitayiş etməmişdir. Bütün döyüşlərdə qələbə onunla idi və heç zaman döyüş meydanından qaçmadı. Peyğəmbərlərə və ilahi övliyalara məxsus olan qəzavət elmində (hüquqi mühakimədə, ədalət mühakiməsində) boyük məharətə malik idi. Belə ki, Peyğəmbər (s) onun bu xüsusiyyəti haqqında buyurmuşdur: “Qəzavətdə (hüquqi mühakimədə, ədalət mühakiməsində) ən bacarıqlınız Əlidır. Çünki o, peyğəmbərlərə və ilahi övliyalara məxsus olan bu elmə vaqifdir.
İslam peyğəmbəri (s) o həzrətin elmi haqqında buyurdu: “Ənə mədinətul-elm və Əliyyun babuha”, yəni “mən elmin şəhəri Əli isə onun qapısıdır”. İmam Əlinin (ə) haqq olması o qədər aydın idi ki, Peyğəmbər (s) onun haqqında buyurdu. “Əliyyun məəl-həqq vəl-həqq məəl-Əli” yəni “haqq Əli ilə, Əli də haqq ilədir”.
O, əhali ilə ədalətli davranar, “Beytül-malı” bərabər şəkildə onların arasında bölərdi. Dünyanın keçici sərvətinə əhəmiyyət verməz, müsəlmanların xəzinəsini nəzərdən keçirdikdə gümüş və qızıllara baxıb buyurardı: “Ey ağlar və sarılar, məni aldada bilməzsiniz, bunun üçün başqasını seçin”. Sonra onları ehtiyaclı insanlar arasında bölərdi. Səfillərə qarşı rəhimdil olar, yoxsullarla oturub-durar, ehtiyacı olanların problemlərini həll edərdi. Haqqa tərəfdar çıxar, ədalətlə qəzavət edərdi (mühakimə yürüdərdi). Hər bir cəhətdən Peyğəmbərə bənzəyirdi. Belə ki, Qurani-kərimin “Mübahilə” ayəsində Allah-taala onu İslam peyğəmbərinin (s) ozü adlandırır. “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!” (Ali-İmran, 61)

Ikinci imam
İmam Həsənin (ə) atası Əli ibn Əbu Talib (ə), anası Fatimədir (ə). O, İslam peyğəmbərinin (s) nəvəsi, onun ikinci canişini və Əmirəlmöminindən sonra İslam ümmətinin lideridır. O həzrət hicrətin üçüncü ilində, ramazan ayının on beşində, Mədinə şəhərində dünyaya göz açdı. Lakin hicrətin qırx doqquzuncu ilində, səfər ayının 7-də zəhərləndirilərək şəhid edildi. Qardaşı İmam Hüseyn (ə) ona qüsl verərək Bəqi qəbiristanlıığında – təssüflər olsun ki, hal-hazırda vəhhabilər oranı viran qoymuşlar - torpağa tapşırdı. Elm və ibadətdə öz əsrinin ən öncülü idi. Peyğəmbərə (s) hamıdan çox oxşayır, səxavət və səbrdə bənzərsiz idi. Cox səxavətli idi. Belə ki, bir gün kənizlərindən biri ona bir gül dəstəsi təqdim etdikdə o həzrət: “Səni Allah yolunda azad etdim” – deyə buyurdu və sonra bu ayəni oxudu: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (Nisa, 86).
Onun səbirli və mətin olması haqqında yazırlar:
Bir gün şamlı bir şəxs o həzrəti (ə) gördü və ona nalayiq sözlər deməyə başladı. İmam Həsən (ə) səbirlə onu dinlədi və sözünü bitirdikdən sonra ona yaxınlaşıb təbəssümlə buyurdu: “Ey cənab, zənnimcə bu şəhərdə qəribsən. Sən, bəlkə də yanılırsan. Əgər bizdən razılıq istəsən, (səni bağışlar) razı olarıq. Əgər bir şey istəsən sənə verərik, bələdçı istəsən, əsirgəmərik. Himayədarlıq, havadarlıq istəsən, səni himayə edərik. Acsansa, doyurarıq. Paltarın yoxdursa, verərik. Ehtiyacın varsa, problemini həll edərik, bir yerdən qovulubsansa, sənə sığınacaq verərik, əgər bunlardan başqa bir işin varsa, yoluna qoyarıq”.
Imam Həsənın (ə) sözlərini eşidən şamlı şəxs ağlamağa başladı. O, Müaviyənin mənfi təbliğatının təsiri altına düşdüyünü anladı və: “Şəhadət verirəm ki, sən Allahın yer üzərində olan hoccətisən! – deyib bu ayəni oxudu: “Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir.” (Ənam, 124)
 

Üçüncü imam
İmam Hüseynin (ə) atası Əli ibn Əbu Talib, anası Fatimə (ə), həzrət Məhəmmədin (s) nəvəsi, onun üçuncu canişini, İmam Həsəndən sonra müsəlmanların rəhbəridir. O, hicrətin dördüncü ili, şaban ayının 3-də ( şənbə günü) Mədinə şəhərində dünyaya göz açdı. Hicrətin 61-ci ilində, məhərrəm ayının 10-da “Aşura” faciəsində (Yəzid ibn Müaviyənin göstərişi və Şimr ibn Zilcövşənin əli ilə) acınacaqlı şəkildə şəhid edildi. Şəhid edildiyindən üç gün sonra oğlu Zeynülabidin (ə) onu hazırkı məqbərəsi yerləşən Kərbəla şəhərində torpağa tapşırdı. O həzrət şəhid edildiyi zaman 57 yaşında idi. İmam Hüseyn (ə) haqqında saysız-hesabsız fəzilətlər qeyd edilmişdir. O, Allah rəsulunun (s) sevimlisi idi. Peyğəmbər (s) onun haqqında buyurmuşdur:
“Huseynun minni və ənə min Huseyn”.
“Hüseyn məndən, mən də Hüseyndənəm”.
Digər rəvayətlərdə o həzrət İmam Hüseyn (ə) və qardaşi İmam Həsən (ə) haqqında: “Həsən və Hüseyn cənnət cavanlarının agasıdırlar”, “Həsən və Hüseyn qiyam edib-etməmələrindən asılı olmayaraq hər ikisi imamdırlar” və ya “Həsən və Hüseyn mənim dünyada iki xoş ətirli gülümdürlər” – deyə buyurmuşdur.
İmam Hüseyn (ə) dövrünün insanları arasında ən biliklisi, ən çox ibadət edəni idi. O, atası Əmirəlmömininin (ə) və babası Rəsulullahın (s) bütün əxlaqi keyfiyyətlərini özundə əks etdirirdi. Əksər gecələrdə içi ərzaqla dolu olan kisələri çiynində ehtiyaclı insanlara paylayırdı. Ölümündən sonra bu yüklərin izləri onun çiynində müşahidə edilirdi. Çox səxavətli, mətin və səbirli idi.
Bir rəvayətdə qeyd edilir: Bədəvi ərəblərdən biri o həzrət haqqında (ə) bir şer yazdı və ondan hədiyyə tələb edərək dedi:
لم یَخبِ الانَ مَن رجاک و من
حَرَّک مِن دونِ بابک الحَََلَقََةَ
Sənə ümid bağlayan ümidsiz olmaz yəqin,
Hacətini ödədin qapını hər döyənin.
اَنت جوادُ و اَنت مُعِتَمَد
آبوک قد کان قاءِلَ الفَسَقَةِ
Səxavətli bir imam, pənahsızlar pənahı,
Atan nabüd eylədi, hər kim yaydı günahı.
لََََولا الّذی کان من آواءِلِکمِ
کانت عَلَینا الحَجیمُ مُنطَبِقَةً
Atanla cəddin sənin, yol gostərdi aləmə,
Gər onlar olmasaydı, yer dönərdi cəhənnəmə.
Sonra İmam Hüseyn (ə) ona dörd min dinar verib, üzr istəyərək buyurdu:
خُذها فأِنّی الیک معتذر
وَ أعلم بِأَنّی علیک ذو شَفَقَة
Üz istəyirəm, al bu məbləği məndən,
Sənə qarşı həmişə, inan, mehribanam mən.
لََََو کان فی سیرنا الغداةُ عصی
آمست سمانا علیک مُنرفِقه َ
Bu zahiri hökumət bizlərə qalsa əgər,
Sizlərə bəxş olunar görün nə qədər səmər
لکِنَّ رَیبَ الزّمانِ ذو غِیَرٍ
واکفُُّ منّی قلیلٌ النّفقة
Ürək açan deyildir bu zəmanə, bu fələk,
Onun üçün az oldu sənə etdiyim kömək.
Ərəb pulu alıb ağladı. Həzrət İmam Hüseyn (ə) soruşdu:
- Olmaya pulun azlığından narahat oldun?
Ərəb:
- Əsla! Mənim ağlamağım yerin bu səxavətli əlin üstünü necə örtəcəyi üçündür – deyə bildirdi.
Belə bir şəxsiyyət olan İmam Hüseyn (ə) qanlı hərəkatı ilə İslam dinini əbədi olaraq dünyada yaşatdı. O həzrətin (ə) qiyamının hələ dünyada bənzəri olmamışdır (və bundan sonra da olmayacaqdır). Öz qanı ilə İslam ağacını suvaran İmam Hüseyn (ə) qardaşından sonra dünyanın ən üstün şəxsiyyəti idi.
 

Dördüncü imam
Həzrət Əli ibn Hüseyn Zeynəlabidinin (ə) atası həzrət Hüseyn (ə), anası iran padşahı Yəzdgerdin qızı “Şəhrəbanu” olmuşdur. O, hicrətin 38-ci ilində, şaban ayının 5-də, cümə axşamı bəzi rəvayətlərə görə, hicrətin 36-cı ilində, cəmadiul-ula ayının 15-də cümə axşamı, Əmirəlmömininin (ə) Bəsrəni fəth etdiyi gün Mədinədə dünyaya göz açdı. O həzrət hicrətin 95-ci ilində, məhərrəm ayının 25-də, 57yaşında ikən, bəzi rəvayətlərə görə isə 59 yaşında zəhərləndirilərək şəhid edildi. Onun cənazəsi oğlu imam Məhəmməd Baqirin (ə) vasitəsi ilə Mədinədə, Bəqi qəbiristanlığında, əmisi imam Həsənin (ə) qəbri yanında torpağa tapşırdı.
O, fəzilət, elm və yoxsul kimsəsizlərə yardım etməkdə öz dövrünün bənzərsiz siması idi. Alimlərimiz o həzrətdən çoxlu rəvayətlər, dualar, nəsihətlər nəql etmişlər. O qaranlıq gecədə üzünü bağlayıb qızıl, gümüş, ərzaq kisələrini çiyninə atıb qapı-qapı gəzər və onu kasıblara paylayardı. O həzrət dünyasını dəyişdikdən sonra xalq üzünü bağlayıb yoxsullara, kimsəsizlərə yardım edən kişinin kim olduğunu bildi. İmam (ə) yetim, yoxsul insanlarla bir süfrə başında əyləşməyi çox xoşlayardı.
Həzrətin gözəl əxlaqına nümunələrdən biri bu idi ki, o, hər ay qulamlarını (qulluqçularını) bir yerə yığar və onlara buyurardı: “Hansınız ailə qurmaq istəyirsə, onu evləndirim, əgər istəyirsinizsə, sizi özgəsinə satım, azad olmaq istəyirsinizsə, azad edim”.
Bir ehtiyacı olan ondan yardım dilədikdə buyurardı: “Afərin! Sən bizim Allaha daha da yaxınlaşmağımıza kömək edirsən”.
Çox uzun, daimi səcdələr etdiyi üçün ona “Səccad” ləqəbi vermişdilər. O həzrətin çox səcdədə qalması onun alnının, əlinin içinin, dizlərinin qabar bağlamasına səbəb olmuşdu. Allaha çoxlu ibadət etdiyi üçün ona “Zeynül-abidin”, yəni “möminlərin, ibadət edənlərin zinəti” ləqəbini vermişdilər. Namaz qıldığı vaxt bədəni əsər, çöhrəsi isə saralardı.
Bir gün yaxınlarından biri ona yaramaz, nalayiq söz dedi. İmam (ə) böyük təmkin nümayiş etdirib ona bir söz demədi. Bir az sonra nalayiq söz deyən kişiyə tərəf getdi. Ətrafdakılar İmamın (ə) onun cavabını vermək istədiyini zənn etdilər. Lakin o, bu ayəni oxudu:
الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134).
Sonra İmam (ə) üzünü həmin kişiyə tutub buyurdu: “Qardaşım, sən mənə qarşı çıxıb dedin:... Əgər sən doğru deyirsənsə və məndə o pis xüsusiyyətlər varsa, Allahdan özümə bağışlanmaq diləyirəm, yox əgər məndə o pis xüsusiyyətlər yoxdursa və sən mənə böhtan deyirsənsə, Allahdan sənin bağışlanmağını istəyirəm.

Beşinci imam
Həzrət Məhəmməd Baqirin (ə) atası imam Zeynül-abidin (ə), anası isə İmam Həsənin (ə) qızı Fatimədir (ə). O, hicrətin 57-ci ilində, rəcəb ayının 1-də, bəzi rəvayətlərə görə səfər ayının üçündə, çərşənbə günü, Mədinə şəhərində dünyaya göz açmışdır. O həzrət hicri 114-cü ildə, zilhiccə-ayının 7-də, çərşənbə günü zəhərləndirilərək şəhid edilir. 57 yaşında ikən dünyasını dəyişən imamın qəbri Bəqi qəbiristanlıığında atası və əmisinin qəbri yanında yerləşir.
O həzrət böyük kəramətlərə, təmkin və səbrə, yüksək elmə, ibadətdə təvazökarlığa malik olmuşdur. İmamın xoş əxlaqı haqqında belə bir hadisə nəql olunur:
Bir gün bir məsihi o həzrətə (ə) dedi:
- Sən inəksən.
Həzrət buyurdu:
- Xeyir, mən Baqirəm (elmi parçalayanam).
- Sən o aşpazın övladısan.
- Aşpazlıq onun sənətidir.
- Sən qara pis əxlaqlı qadının oğlusan.
- Əgər sən doğru deyirsənsə, Allah o qadını, yox əgər böhtan deyirsənsə, səni bağışlasın.
Bu Peyğəmbərə (s) məxsus əxlaqi keyfiyyəti görən məsihi kişi İslamı qəbul edib müsəlman oldu.
Həzrət Baqir (ə) elmi səviyyə baxımından öz ata-babaları kimi sonsuz dənizə bənzəyirdi. O, bütün suallara fasiləsiz olaraq cavab verirdi. İbn Ətayi Məkki deyir:
“Böyük alimlər o həzrətin hüzuruna daxil olduqda o qədər təvazökarlıq edərdi ki, bunu ayrısı qarşısında edildiyini görməmişdim”.
Həkəm ibn Əqəbənin xalq arasında böyük nüfuzuna baxmayaraq, İmam Baqirin (ə) hüzurunda müəllim yanında əyləşən şagirdə bənzəyirdi.
Məhəmməd ibn Müslim deyir:
“Fikrimə gələn hər bir sualı İmamdan (ə) soruşdum. Belə ki, o həzrətdən soruşduğum hədislərin sayı 30 minə çatmışdı”.
Həzrət Baqir (ə) həmişə Allahı xatırlayırdı. Oğlu İmam Sadiq (ə) buyurur:
“Atam coxlu ibadət edərdi. Mən həmişə onun yanında olardım. O, daim Allahı yad (zikr) edərdi. Xalqla danışmasına baxmayaraq, Tanrını xatirlamağı da yaddan çıxarmazdı. Allah qorxusundan daim gözüyaşlı olardı.
 

Altıncı imam
Həzrət İmam Sadiqin (ə) atası Məhəmməd Baqir (ə), anası isə Fatimə olmuşdur. Hicri 83-cü ildə, rəbiül-əvvəl ayının 17-də, İslam peyğəmbərinin (s) viladəti günü (cümə günü) dünyaya göz açdı. Hicri 147-ci ildə, şəvval ayının 5-də zəhərləndirilərək şəhid edildi. 65 yaşında şəhid edilən İmam (ə) Mədinə şəhərinin Bəqi qəbiristalığında atası və babasının qəbri kənarında dəfn edilmişdir.
Elm, fəzilət, fəqihlik, hikmət, zahidlik, səbir, ədalət, səxavət, şücaət və digər sifətlər o həzrətin (ə) başlıca xüsusiyyətlərindən idı.
Mərhum Şeyx Müfid (r) yazır:
“Alimlər heç bir imamdan həzrət Sadiq (ə) qədər rəvayət nəql etməmişlər. O həzrətdən dörd minə yaxın hədis nəql edilmişdir”.
Əhli-sünnət məzhəblərindən olan “hənəfiliy”in təsisçisi İmam Sadiq (ə) məktəbinin şagirdlərindən olmuşdur. Digər əhli-sünnət öndərləri də ya vasitəsiz, ya da vasitə ilə İmamın (ə) şagirdləri olmuşlar. Kimya, fizika, astronomiya, mədən qazıntıları və s. bir çox bu kimi yeni elmləri kəşf etmişdir. O həzrətin yeməyi sirkə və zeytun yağı, paltarı qalın və çox zaman yamaqlı olardı. Hətta öz bağında belə özü işlərdi. O, arası kəsilmədən ibadətlər edir, dost və düşmən olmasından asılı olmayaraq xalqa yardım edir, böyük eşqlə dini təbliğ edir və əməvilərlə yeni qurulmuş Abbasi xilafəti arasında yaranan gərginlikdən istifadə edərək dini daha da geniş şəkildə təbliğ edirdi (Məhz bu dövrdə o, Əhli-beyt məzhəbinin geniş yayılması yolunda səmərəli addımlar atdı). Buna görə də o həzrətin ardıcıllarını (Əhli-beyt məzhəbinin ardıcıllarını) “Cəfəri” adlandırırlar.

Yeddinci imam
Həzrət İmam Musa Kazimin (ə) atası İmam Sadiq (ə), anası isə Həmidə Xatundur. O həzrət hicri 128-ci ildə, səfər ayının 7-də, bazar ertəsi, Məkkə ilə Mədinə arasında yerləşən “Əbva” adlı bir yerdə dünyaya gəldi. Hicri 183-cü ildə, rəcəb ayının 25-də, Harun Abbasinin işgəncə dolu dustaqxanasında, 55 yaşında zəhərləndirilərək şəhid edildı. İmamın (ə) cənazəsini oğlu İmam Rza (ə) öhdəsinə götürüb Kazimeyn şəhərində dəfn etdi.
Öz əsrinin ən alim, ən fazilətli, ən şücaətli siması idi. Gözəl əxlaqa malik olan İmam (ə) hamı ilə yaxşı davranardı. İmam Kazim (ə) davamlı olaraq ibadət edər və uzun səcdələrə daha çox əhəmiyyət verərdi. O həzrət daim qəzəbini üstələdiyindən “Kazim” –“qəzəbini boğan” və çox əməlisaleh şəxs olduğundan “əl-Əbdüs-saleh” adlandırılırdı. O, ensiklopedik elmə malik idi. Dövrünün alimlərindən daha yüksəkdə dururdu. Xristian alimi olan “Büreyhə” onunla mübahisədə məğlub olduqdan sonra İslam dinini qəbul edərək müsəlman olmuşdur. Onun səxavəti haqqinda nəql edirlər:
“İmamdan kömək tələb edən yoxsulu xəcalətli olmaması üçün onu elmə təşviq edir, ondan bəzi suallar soruşur və suallara yaxşı cavab verdiyi üçün ona iki min dirhəm pul verirdi”.
O həzrət gözəl səslə Quran oxuyar, Tanriya ibadətində çox ağlayardı.

Səkkizinci imam
Həzrət Musa Rzanınin (ə) atası İmam Kazim (ə), anası isə Nəcmə xatundur. O həzrət hicri 148-ci ildə, zilqədə ayının 11-də, cümə günü, Mədinə şəhərində dünyaya göz açdı. Hicri 203-cü ildə, səfər ayının sonunda, 55 yaşında ikən zəhərləndirilərək şəhid edildi. İmamın (ə) cənazəsini oğlu İmam Cavad (ə) öhdəsinə götürüb, onu Xorasanın müqəddəs “Məşhəd” şəhərində torpağa tapşırdı.
İmam Rzanın (ə) elm, fəzilət, təqva və ibadəti o qədər məhşurdur ki, qeyd etməyə ehtiyac duyulmur.
Məkr və hiyləgərlikdə ad çıxaran Abbasi xəlifəsi Məmun qurduğu məkrli plan əsasında İmam Rzadan (ə) xəlifəliyi öhdəsinə götürməsini tələb etdi. Məmunun hiyləsindən xəbərdar olan İmam bu tələbə rədd cavabı verdi. Bunu görən Məmun onu vəliəhdliyi qəbul etməyə vadar etdi. Həzrət Rza (ə) heç bir halda dövlət işlərinə qarışmamaq şərtilə onun təklifinə müsbət cavab verdi. Daim İmam Rzanın (ə) şəxsiyyətini terror etmək fikrində olan Məmun əksər hallarda dəyirmi masalar təşkil edir, din, məzhəb alimlərini də bura dəvət edir və İmamdan (ə) bu növ məclislərdə iştirak etməsini tələb edirdi. Belə məclislərdə iştirak edən İmam (ə) din, məzhəb haqqında malik olduğu dərin elmi ilə hamını heyrətə salar və Məmunun məkrli məqsədini ürəyində qoyardı. Həzrət İmam Rza (ə) ibadətə xüsusi diqqət yetirərdi. Əksər gecələri ibadətlə keçirər, hər üç gündən bir bütün Quranı tilavət edər və bir çox hallarda gün ərzində min rəkət namaz qılardı. Bəzən də saatlarla səcdədə qalaraq dua etməklə məşğul olardu. Çox vaxt oruc tutar, ehtiyacı olanlara saysız hədiyyələr verər və bu işi gizli, xüsusi ilə qaranlıq gecələrdə həyata keçirərdi. İctimai davranış qaydalarına xüsusi diqqət yetirər, danışıq tərzi ilə digərlərini narahat etməz, nitq söylədikdə səhvə yol verməz, məclisdə ətrafında adam olduğu zaman kürəyini bir yerə söykəməz və heç vaxt ucadan gülməzdi. Sufrə salındığı zaman, xüsusilə Məşhəddə Məmunun ona vəliəhdliyi zorla qəbul etdirdiyi dövrlərdə, bütün ailə üzvlərini, hətta xidmətçilərini belə çağırar onlarla bir yerdə yemək yeyərdi.

Doqquzuncu imam
Həzrət Məhəmməd Cavadın (ə) atası İmam Musa Rza (ə), anası isə Səbikə xatundur. O, hicri 195-ci ildə, rəcəb ayının 10-da, Mədinə şəhərində dünyaya göz açdı və hicri 220-ci ildə, zil-qədə ayının sonunda, 25 yaşında ikən zəhərləndirilərək şəhid edildi. Məqbərəsi babası həzrət Musa ibn Cəfərin (ə) qəbrinin yanında, indiki Kazimeyn şəhərində yerləşir.
O, öz dövrünün ən alim, ən fəzilətli, ən səxavətli siması idi. Ata mindiyi zaman özü ilə həmişə bir kisə qızıl, bir kisə gümüş götürər və heç zaman ondan yardım diləyənlərə rəd cavabı verməzdi. O həzrətdən (ə) əmisi uşaqları bir şey tələb etdikdə əlli dinardan, bibisi uşaqları nə isə istədikdə beş dinardan az verməzdi. İmam Cavadın (ə) yüksək elmini isbat edən bir hadisə xalqın yaddaşında daim yaşayırdı. Bir dəfə Həcc ziyarətindən sonra səksən müxtəlif ölkələrin alimləri onun ətrafına yığışaraq müxtəlif mövzularda suallar soruşdular. O da bütün suallara bir-bir cavab verirdi. Daha yadda qalanı isə bir məclisdə, o həzrət doqquz yaşında olarkən ondan soruşurlan otuz min suala yanılmadan cavab verməsi olmuşdur. Əlbəttə, bu kimi məsələlər Quran və vəhy ailəsi üşün heç də təəccüblü deyil. Rəvayətlərə görə, hətta dövrün xəlifəsi o həzrəti (ə) dəfələrlə çətin suallarla sınağa çəkdi və ətraflı şəkildə cavabını aldı.

Onuncu imam
Həzrət Əli ən-Nəqinin (ə) atası İmam Məhəmməd Cavad (ə), anası isə Səmanə xatundur. O həzrət hicri 212-ci ildə, zil-hiccə ayının 15-də və ya rəcəb ayının 2-də, Mədinə şəhərində dünyaya göz açdı və hicri 254-cü ildə, rəcəb ayının 3-də, 42 yaşında ikən, Samirra şəhərində zəhərləndirilərək şəhid edildi. O həzrətin (ə) qəbri də bu şəhərdə yerləşir.
O, dövrünün ən alim, ən fəzilətli, ən təqvalı, gözəl nitq qabiliyyətinə malik şəxsiyyəti idi.
Ərbəli, o həzrətin səxavəti haqqında nəql edir:
Bir gün xəlifə o həzrətə (ə) üç min dirhəm göndərir. İmam (ə) o pulları ehtiyacı olan bir bədəvi ərəbə bağışlayaraq buyurur:
- Bu pulla həm borclarını ver, həm də ailənin güzəranını yaxşılaşdır və məni bu hədiyyənin az olduğu üçün bağışla.
Ərəb:
- Ey Rəsulallahın (s) övladı! Mənim istəyim verdiyinin üçdə biri qədər idi, lakin Allah yaxşı bilir ki, oz risalətini hansı ailəyə göndərir. O, pulu alır və sevincək çıxıb gedir
 

On birinci imam
Həsən Əsgərinin (ə) atası həzrət Əli ən-Nəqi (ə), anası isə Hüdəys xatundur. O, hicrətin 232-ci ilində, rəbius-sani ayının 8-də, cümə günü, Mədinə şəhərində dünyaya göz açdı və hicrətin 260-cı ilində, rəbiül-əvvəl ayının 8-də, cümə günü, Samirra şəhərində zəhərləndirilərək şəhid edildi. O həzrətin (ə) dəfn mərasimini oğlu İmam Zaman (ə) icra edir və onu Samirra şəhərində atasının qəbri kənarında dəfn edir.
O həzrətin (ə) elm, şücaət, fəzilət və əxlaqı heç kəsə gizli deyil.
İmam Həsən Əsgəri (ə) gözəl, qəd-qamətli, xoş çöhrəli və az yaşlı olmasına baxmayaraq, xüsusi əzəmətə malik idi. Əxlaqi baxımdan Peyğəmbərə (s) bənzəyirdi. Onun (ə) səxavəti haqqında İsmayıldan belə bir rəvayət nəql edilir:
İmamın (ə) yolu üstündə oturdum. Qarşımdan keçdikdə and içib ehtiyacım olduğunu dedikdə buyurdu: 200 dinarı gizlətdiyin halda Allaha and içirsən? Amma bu o demək deyil ki, səni öz hədiyyəmdən məhrum edirəm. Bu zaman İmam (ə) qulamına üz tutub buyurdu: Yanında nə qədər pul varsa, ona ver. O həzrətin xidmətçisi mənə 100 dinar pul verdi.
Özünün 500 dirhəmə, oğlunun isə 300 dirhəmə ehtiyacı olan digər bir kişi, imamın (ə) səxavəti haqqında eşidib oğlu ilə birgə o həzrətin (ə) yanına gedir. Imam (ə), onlar tələblərini deməzdən öncə xidmətçisinə 500 dirhəm ataya, 300 dirhəm isə oğluna verməyi tapşırır.
İmam Həsən Əsgərinin səxavəti təkcə müsəlmanlara yardım etməklə bitmirdi. O, qeyri-musəlmanlara da yardımçı olurdu. Elə buna görə də o dövrün məsihiləri, o həzrəti (ə) fəzilət və möcüzədə həzrət İsaya (ə) bənzədirdilər.
O həzrət (ə) ibadətə çox diqqət yetirir və əksər gecələri oyaq qalıb Allahı zikr etməklə məşğul olurdu.

On ikinci imam
Həzrət Məhdinin (ə) atası Həsən Əsgəri (ə) anası isə Nərcis (Nərgiz) Xatundur. Onun künyəsi Peyğəmbərin (s) küniyyəsi, yəni Əbül-Qasimdir. O həzrət (ə) hicri 255-ci ildə Samirra şəhərində dünyaya göz açmışdır. İmam zaman (ə) Allahın yer üzərində sonuncu höccəti, Peyğəmbərin (s) son canişini və on ikinci imamdır. Allah-taala öz iradəsi ilə o həzrətə (ə) uzun ömür vermiş, onu müəyyən zamana qədər gözlərdən gizli saxlamışdır ki, axirətə yaxın bir zamanda zühur edib, zülm və haqsızlıqla dolmuş dünyada ədaləti bərpa etsin. Peyğəmbər (s) və məsum imamlar (ə) o həzrətin (ə) diri olduğunu, bir zaman zühur edib dünyanı ədalətlə dolduracağını xəbər vermişlər. “Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur! ( Səff, 9).
Ya rəbb, onun zühurunu tezləşdir, bizi onun yardımçılarından et!
Imam zaman (ə) öz evində qeybə çəkildiyi üçün müsəlmanlar o yeri ziyarətgah edərək oranı ziyarət edirlər. Hazırda ora “Qeyb sərdabəsi” adını daşıyır.
Əlbəttə, İmamın (ə) qeyb dövründə şiələrin məsuliyyəti daha da artmışdır. Bu məsuliyyətlər sırasına o həzrətlə (ə) düzgün və tam tanışlıq, o həzrətin zühurunun intizarını çəkmək, zühurunun tezləşməsi üçün dua etmək və həmçinin çətinliklərdə ona təvəssül etmək və s. daxildir.
Allahdan bu məsuliyyətlərin öhdəsindən gəlməyi arzu edirik.