:: Doğru yol göstərən (bələdçi) kimdir?

:: Peyğəmbər kimdir və hansı yolla tanınmalıdır?

:: Peyğəmbərlər iki hissəyə bölünür
:: İslam peyğəmbəri (s)
:: İlk müsəlman olan şəxslər
:: Mədinəyə hicrət
:: Din və dünya öndəri.
:: Həccətül-vida (vida həcci) və ondan sonra baş verənlər
:: Quran, Peyğəmbərin (s) əbədi möcüzəsi
:: Quranın üslub gözəlliyi
:: Quran təhrif olunmayıb
:: Quran oxumaq və onu əzbərləmək
:: Quranın təhrif təhlükəsindən amanda qalmasının səbəbləri

 

 

3-Nübuvvət
Bu mövzu haqqında danışmazdan öncə bir məsələyə aydınlıq gətirməyi zəruri hesab edirik. Görəsən insanın yaradılışının fəlsəfəsi nədir? İnsan, yalnız maddi (konkret) ünsürdən təşkil olunmuş və həzz almaq üçün yaradılmışdırmı? Yoxsa, sadə dildə desək, insanın maddi tərəfi olduğu kimi ruhi-mənəvi tərəfi də vardırmı? Olduğu təqdirdə o da maddi tərəflər kimi inkişaf edib təkmilləşə bilərmi?
İslam mənbələrində (ayələr, rəvayətlər) insanın yaradılışının müxtəlif məqsədləri göstərilmişdir. Bütün bu məqsədləri özündə əks etdirən başlıca amal, insanın İslamın göstərdiyi təlim-tərbiyə konsepsiyasına müvafiq olaraq təkmilləşməsidir. Belə ki, Qurani-kərimdə bu haqda oxuyuruq: “Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım!” (Zariyyat, 56)
Həqiqətən, ibadət, insanın (aktualdan potensiyaya doğru) inkişaf edərək son təkamül həddinə yetməsıdır. Hər bir ibadət insanın “insanlığ”ına böyük təsir bağışlayır. Allahın sınaqları da həmin məqsədə qulluq edir. Qurani-kərimdə bu məsələyə toxunularaq buyurulur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibi və (çox) bağışlayandır” (əl-Mülk, 2). Digər ayədə isə oxuyuruq: “(Ey insanlar!) Verdiyimiz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ey Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (mö’minləri) bağışlayan, (onlara) rəhm edəndir!” (əl-Ənam, 165).
Yaddan çıxartmaq lazım deyil ki, Allahın sınaqları, onun sonucdan xəbərsizliyi deyil, əksinə, insan təbiətində mövcud olan (aktual) keyfiyyətləri bu yolla üzə çıxartmaqdır (potensiala çevirməkdir). Belə ki, sınaq, insanın yaxşı və pis əməllər qarşılığında mühakimə ediləcəyindən xəbərdar olması üçün bir vasitə rolunu oynayır və onu bu “Vicdan məhkəməsi” qarşisindakı sınaq imtahanında qazandıqlarıa təslim edir.
Nəticə olaraq qeyd etməliyik ki, insan idrak və əməl vasitəsilə nail olduğu təkamül yoluna qədəm qoymuş və bu yolda davamlı olaraq irəliləməsi üçün doğru yol göstərən birisinə ehtiyaclıdır.

Doğru yol göstərən (bələdçi) kimdir?
Görəsən insan yalnız təfəkkür və ağıl vasitəsilə dünyabaxışını düzgün istiqamətə yönəldərək kamilləşdirib, yaxşı və pisləri fərqləndirib, həyatının bütün xeyir və ziyanından agah ola bilərmi? Təbii ki, cavab mənfidir. Çünki insan idrakı onu tam şəkildə hidayət etmək iqtidarında deyil. Belə ki, idrak və təfəkkürün özünün də bir yol göstərənə (bələdçiyə) ehtiyacı var. Bir çox hallarda, ağıl, müxtəlif təsirlər altına düşərək yalnış istiqamətə yönəlir. Həzrət Əli (ə) peyğəmbərlərin (ə) məqsəd və vəizfələrindən biri kimi insan təfəkkürünün düzgün istiqamətə yönəldilməsini göstərərək buyurur: “(Peyğmbərlər) Unudulmuş, gizli təfəkkürü aşkar edərək işə salırlar”.
İnsan təfəkkürünün məhsulu kimi ərsəyə gələn ideologiya fərdi və ictimai islahatın bərpası üçün qənaətbəxş deyil. Neçə əsrdir ki, ictimai islahatlar (sosial reformasiya) naminə çoxsaylı alimlər tərəfindən fərqli nəzəriyyələr irəli sürülür. Lakin onların qarşiya qoyduqları konsepsiyalarda nəzərə çarpan fikir ayrılığı və insan səadətinin sirlərini tam şəkildə bilməmələri bizi bu nəzəriyyələrə etimad göstərməməyə sövq edir.
Lakin sonsuz bilik və elmə əsaslanan səmavi konsepsiyaya, insanın bütün xüsusiyyətlərinə əhatəsi olduğu üçün bu konsepsiyanın yetərliliyinə, bu və ya digər nöqsandan uzaq olmasına şübhə qalmır.
Bu, ilahi peyğəmbərlərin (ə) gəlişi zərurətini artırır.

Peyğəmbər kimdir və hansı yolla tanınmalıdır?
Peyğəmbər, digərinin dəxaləti olmadan, sonsuz elm və ilahi vəhyə əsaslanaraq Allahın qanunlarını təbliğ edən bir insandır.
Həqiqi peyğəmbərləri tanımağın üç yolu mövcuddur:
1-İlahi möcüzəyə əsaslanaraq digər insanların bacarığı xaricində olan xariqüladə işlərin icrası.
2-Peyğəmbərlik iddiasında olan şəxslərin şəxsi hayatını tədqiq etmək, onların əxlaqi-mənəvi keyfiyyətlərini incələmək və fərdi-ictimai davranışlarına diqqət yetirmək lazımdır. Bundan başqa, onların bəşəriyyətə təqdim etdikləri konsepsiyanın ağıl və məntiqlə hansı dərəcədə müvafiq olduğunu dəqiqləşdirmək zəruridir.
3-Peyğəmbərliyi qənaətbəxş dəlil və sübutlarla isbat olunmuş nəbinin (özündən sonra belə bir peyğəmbərin gələcəyi haqqında) müjdəsi.

Peyğəmbərlər iki hissəyə bölünür
1.Ulul-əzm olmayan peyğəmbərlər. Belə peyğəmbərlərin təbliğ dairəsi məhdud olur və yeni din və kitaba malik olmurlar.
2.Ulul-əzm peyğəmbərlər. Belə peyğəmbərlərin təbliğ dairəsi geniş və yeni din, kitab sahibi olurlar. Bu qismə daxil olan yalnız beş peyğəmbərdir. Onlar müxtəlif zaman kəsiyində yaşamış, Tanrı tərəfindən bu böyük vəzifəni qəbul etmiş və ilahi hökmləri bütün dünyaya çatdırma məsuliyyətini öhdələrinə götürmüşlər. Ulul-əzm peyğəmbərlər bunlardır: 1) həzrət Nuh (ə); 2- həzrət İbrahim (ə); 3) həzrət Musa (ə); 4) həzrət İsa (ə); 5) həzrət Məhəmməd (s). Böyük peyğəmbərlik silsiləsi İslam peyğəmbəri (s) ilə sona yetmişdir və O, ilahi peyğəmbərlərin (ə) sonuncusudur.
İslamın dini-ictimai qanunları elə bir şəkildə tənzimlənmişdir ki, bütün dövrlərdə insanların maddi və mənəvi tələbatına cavab verir. Məhz elə buna görə də İslam dini zühur etdikdən sonra digər dinlərdən itaət etməyi qadağan etmişdir: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran, 85)

İslam peyğəmbəri (s)
Burada, qısa da olsa, İslam peyğəmbərinin (s) həyatına nəzər salmağı məqsədəuyğun hesab edirik.
O həzrətin adı Məhəmməd (s) olub “həmd olunmuş” mənasını daşıyır. Atasının adı Abdullah, anasının adı isə Amənə bint Vəhəbdır. Rəsuli-əkrəm (s) “Fil ili”, rəbiül-əvvəl ayının on yeddisi, cümə günü, ədalətli hökmdar Ənuşirəvanın soltanlığı dövründə, Məkkədə dünyaya göz acdı. O, miladi tarixi ilə 610-cu ildə, rəcəb ayının 27-də, qırx yaşına çatdlğı zaman Allah tərəfindən peyğəmbərliyə seçildi: Bu zaman vəhy mələyi olan Cəbrail (ə) “Ələq” surəsinin ilk beş ayəsini ona nazil etdi: “(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün yaradılmışları) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”. (Ələq, 1-5ayələr)
İslam peyğəmbəri (s) zamanın müxtəlif tələblərini nəzərə alaraq İslamın təbliğini və dini hökmləri səbr və təmkinlə həyata keçirməyə başladı. Müəyyən zaman keçdikdən sonra Peyğəmbərə (s) İslam hökmlərinin yaxın qohumlarına çatdırılması əmr edildi: “Və ən yaxın qohumlarını qorxut!” (Şüəra 214). Sonra isə ümumi təbliğ fərmanı verilərək buyuruldu: “(Ey Rəsulum!) Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik” (Hicr, 94-95).
Həzrət Peyğəmbər (s) İslam qanunlarını xalqa çatdırmaq üçün “Məscidül-həram” və şəhərin mərkəzi hissəsindən istifadə etdi. O, “Qulu la ilahə illəllahu tuflihu” şüarı ilə tovhid anlayışının carçısı oldu. Beləliklə o həzrət müşrik və düşmənlərin kəskin müxalifəti ilə üzləşməli oldu. Müşriklərin İslam peyğəmbərinə (s) qarşı törətdikləri haqsızlıq və zülm o həddə çatdı ki, o həzrət buyurdu: “Heç bir ilahi peyğəmbərə mənim qədər əziyyət verilməyib”.

İlk müsəlman olan şəxslər
Bütün təfsir və tarixçilərin fikrincə, Peyğəmbərin (s) dəvətini qəbul edən ilk kişi Əli ibn Əbu Talib (ə), ilk qadın isə İslam peyğəmbərinin (s) vəfalı həyat yoldaşı Xədicə olmuşdur. Məhz bu iki nəfərdən sonra Məkkə əhalisinin az bir hissəsi o həzrətin dəvətini qəbul etdi və Məkkə müşriklərinin səyi nəticəsində iqtisadi böhranlara, ictimai sıxıntılara məruz qaldı.

Mədinəyə hicrət
Besətin on üçüncü ilində Məkkə müşriklərinin Peyğəmbərə (s) qarşı təxribatları, yeni müsəlman olmuş insanlara işkəncələr o qədər geniş hal almışdı ki, Allahin əmri ilə o həzrət gecə vaxtı Məkkədən Mədinəyə hicrət etdi. Bu möhtəşəm hicrət müsəlman tarixinin başlanğıcına çevrildi və bütün hadisələrin tarixi o ilə müvafiq olaraq qeyd olunmağa başladı. Mədinədə müsəlmanların sayı günü-gündən çoxalmağa başladı. Çox keçmədi ki, İslam dövləti quruldu və digər mədəniyyət və sivilizasiyalar bu ilahi konsepsiyaların təsiri altına düşdü.
İslam peyğəmbəri (s) Mədinədə olduğu müddət ərzində müşriklər, yəhudilər və xristianların İslamın ədalətsevər səsini boğmaq məqsədi ilə bir araya gəlib əlbir olmaları bir cox kiçik və böyük müharibələrin başlanmasına səbəb oldu. Bütün bu döyüşlərdə o həzrət şəxsən iştirak edərək ön cəbhədə olmuş və düşmənlə mübarizəyə qalxmışdır. İmam Əli (ə) bu haqda buyurur: “Döyüş meydanlarında düşmən qüvvələrinə ən yaxın olan şəxs İslam peyğəmbəri (s) idi. Bununla yanaşı o həzrət sülhsevər, mehriban və rəhimdil idi. Tarixi qaynaqlara görə baş verən səksən silahlı döyüşdə hər iki tərəfdən min dörd yüz nəfər dünyasını dəyişdi.

Din və dünya öndəri.
Peyğəmbər (s) Mədinədə olduğu müddət ərzində ilahi vəhy və Quran göstərişlərinə əsaslanaraq insanların dini, dünyəvi problemlərinin həllini öhdəsinə götürmüş və valideyn-övlad, övlad-valideyn, ər-arvad, arvad-ər, qonşuluq, rəhbər və xalq, xalq və rəhbər, müsəlman və qeyri-müsəlman, ədalət, iqtisadiyyat, siyasət, idarəetmə, ibadət və s. məsələlərin və davranış qaydalarının tənzimlənməsini təmin edirdi.
O həzrət ilahi göstərişlərə daha yaxşı riayət edirdi. Qardaşlıq, bərabərlik carçısı olmaqla yanaşı irqi ayrı-seçkiliyə qarşı çıxır, insanları cəhalət girdabından xilas etməyə çalışırdı. O, insanlara rəhbərlik etdiyi zaman ilahi rəhmət, İslam ədaləti, məşvərət, nəsihət, mehribanlıq simvolu idi. Kin-küdurət, intiqam hissindən uzaq olan İslam peyğəmbəri (s) digərlərini özundən önə keçirər, özü xurma ilə su yediyi halda ət və xurmanı digərlərinə verərdı. Özü qalın və narahat libas geyinər, yumşaq, zərif libasları isə başqalarına verərdi. Bütün hallarda hamı ilə eyni şəkildə davranar, hətta yığıncaqlarda belə baxışlarını səhabələri arasında bölərdi.

Həccətül-vida (vida həcci) və ondan sonra baş verənlər
İslam qanunları təkmilləşdikdən sonra Peyğəmbər (s) sonuncu həcc mərasimi zamanı həcc əməllərini müsalmanlara öyrətdi. Həcc əməllərini icra edib geri qayıtdıqda o həzrət “Qədir-Xum” səhrasında Əli ibn Əbu Talibi (ə) özündən sonra xəlifə elan etdi. Bu zaman “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (əl-Maidə, 3) ayəsi nazil oldu. Bu hadisədən bir müddət sonra, Peyğəmbər (s) xəstələnərək yatağa düşdü və günü-gündən artan bu xəstəlik nəticəsində, hicrətin on birinci ilində, səfər ayının 27-də müqəddəs ruhu cismindən çıxaraq Allaha qovuşdu. O həzrətin vəsiyyətinə əsasən Əli (ə) ona qüsl verdi, namazını qıldı və bir çox səhabələrlə birgə, Mədinə şəhərində, yaşadığı mənzildə dəfn edir.
İslam peyğəmbəri (s) əmanətdarlıq, ixlas, düzgünlük, gülərüzlülük, səbr, əfv, səxavət, şücaət, ədalət, pərhizkarlıq, paklıq və s. kimi əxlaqi sərvətlərə malik olmaqla insanlar üçün ən kamil örnək olmuşdur. O həzrət xarici görkəm baxımdan bütün bədən üzvləri bir-birinə uyarlı şəkildə, yaraşıqlı olmaqla bərabər xüsusi cəzzabiyyətə malik olmuşdur. Başqa sözlə desək, o həzrət elm, ədalət, fəzilət və s. əxlaqi keyfiyyətləri ilə bütün peyğəmbərlərə məxsus olan səciyyəvi xarakterləri özündə toplamışdır. Belə ki, İslam peyğəmbərinin (s) nə keçmişdə bənzəri olmuş, nə də gələcəkdə tayı-bərabəri olmayacaqdır. Onun dini ən kamil din, kitabı isə ən üstün kitabdır. Quran bu haqda buyurur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (Fussilət, 42).

Quran, Peyğəmbərin (s) əbədi möcüzəsi
Şübhəsiz ki, Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir. Quran, onun (s) peyğəmbərliyinə ən aşkar sübutdur. İlahi qanunlardan təşkil olunan bu kitab iyirmi il ərzində, tədricən, Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən hicrətə qədər olan on iki il ərzində nazil olmuş ayələr “Məkki”, hicrətdən o həzrətin vəfatına qədər Mədinədə və ətraf regionlarda nazil olan ayələr isə “Mədəni” ayələr adlanır. Sonradan Peyğəmbərin (s) göstərişi və dəqiq nəzarəti altında Qurani-kərim bugünkü şəkildə tərtib edilmişdir.
İslamın gəlişindən qabaq bütpərəst, müşrik ərəblər quru, susuz səhralarda yaşamış, tənəzzül, savadsızlıq, mədəniyyətsizlik onların fərdi, ictimai həyatlarına hakim kəsilmişdi. Belə ki, onlar qız uşaqlarını diri-diri torpağa basdırır və bunu özləri üşün iftixar hesab edirdilər. Belə bir şəraitdə Allahın izni ilə möhtəşəm şəxsiyyətə malik bir şəxs ayağa qalxıb zülm, ədalətsizlik, mədəniyyətsizliyə qarşı mübarizəyə başladı və heç bir mədəni səviyyəsi olamayan ərəblərə rifah və səadət bəxş etdi. Keçmiş dinlərin ən kamili olan həmişəyaşar İslam dini qiyamət gününə qədər qüvvədən düşməyəcəkdır. Qurani-kərim isə insanların dünya və axirət səadətini təmin etmək üçün nazil edilmişdir.

Quranın üslub gözəlliyi
Quran, elmi, maddi və mənəvi məzmunundan əlavə ilahi bir möcüzədir. Allah-taala bu müqəddəs kitabda fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənnində mahir olan Hicaz əhalisini Qurana bənzər bir surə və ya ayə yazmağa dəvət edərək, onları mübarizəyə səsləyirdi. Lakin onlar Quranla qarşılaşa biləcək bir istedada malik deyildilər. Çünki əgər Məkkə müşrikləri (Quranın təklif etdiyi bu mübarizə metoduna) hazır olsaydılar, uzun-uzadı hərbi mübarizə metodundan deyil, sadəcə öz ana dillərində bir “surə” yazmaqla Peyğəmbərə (s) qarşı mübarizəyə qalxardılar. Lakin ərəb ədib və şairləri Quran ayələrini nəzərdən keçirtdikdə onun rəvanlıq, səlistlik və üslub gözəlliyini görmüş, bu ahəngdarlığın insan zəkasının qüdrəti xaricində olduğunu bilmiş və elə bu səbəbdən də Kəbə divarlarına qızıl su ilə və ya Misir parçaları üzərinə yazdıqları (ilin şeri adını almış) nümunəvi şerlərini yığışdırmağa başlamışdılar. Tarixi faktlara görə, dünyanın ən məhşur söz ustaları Quranla bu şəkildə mübarizə aparmağa cəsarət etməmiş və onun ilahi bir möcüzə olduğunu etiraf etmişlər.
Qurani-kərim əbədi, daim işıq saçacaq bir nurdur. O, insanlara “insanlıq”, səadət, azğınlıq bataqlığından çıxış yolunu göstərmişdir. “Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları haqqında müjdə verir!” (İsra, 9).
İslam peyğəmbərinin (s) əbədi möcüzəsi, öz ziyası ilə aləmlərə nur saçan Quran heç zaman təhrif olunmayacaq və ilahi vəhy kimi sabit qalacaqdır: “Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və dəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).

Quran təhrif olunmayıb
Müsəlmanlar Qurana xüsusi diqqət yetirirlər. Bu da onların müqəddəs kitablarına olan məhəbbətdən, ona bəslədikləri əqidədən irəli gəlir. İslamın erkən çağlarında (ədəbiyyatda) ən çox dəyər fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənni sayılırdı. Qurani-kərim həm forma, həm də məzmun baxımından ərəblərin cahiliyyət dönəmində söylədikləri şer və xütbələrdən təmamilə fərqlənirdi. Bu kəskin fərqi müşahidə edən müşriklər Qurani sehr adlandırmaqdan başqa bir çarə görmürdülər. Onlar bu yolla insanları Peyğəmbərin (s) ətrafından dağıtmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Quran ayələrinin təsir dairəsi günü-gündən genişlənir, hətta Peyğəmbərə (s) rişxənd edən kafirlər belə gizlində (qaranlıq gecələrdə) onun evinin ətrafına toplaşır və şer sənətinə olan maraqlarını təmin etmək üçün o həzrətin tilavətinə qulaq asırdılar.

Quran oxumaq və onu əzbərləmək
Müsəlmanlar qadın-kişi, böyük-uşaq olmalarına baxmayaraq Quran tilavət edir və ayələri əzbərləyərək təskinlik tapırdılar. Bu səbəbdən Quran yalnız bir yığın insanın əlində deyil, bəlkə bütün müsəlmanların yararlana biləcəyi vəziyyətdə idi. Belə ki, onlar həm namazda, həm də elmi əsaslanmalarda Quran ayələrinə tapınır və onu biri-birlərinə tədris edirdilər. Artıq elə bir vəziyyət yaranmışdır ki, bir çox səhabələr ayənin nazil olmasından bir-iki gün sonra onu əzbər bilirdilər. Digər tərəfdən isə İslam peyğəmbərinin (s) səhabə və tərəfdarlarının böyük bir hissəsi Quranı əzbərləməklə məşğul olduqlarından “Qurra” adı ilə məşhurlaşmışdılar. Onların digər bir hissəsi isə başda Əli ibn Əbu Talib (ə) olmaqla “Vəhy katibləri” (vəhyi yazanlar) adı ilə şöhrət qazanmışdılar. Onlar Peyğəmbərin (s) xüsusi diqqət və nəzarəti altında yeni nazil olmuş ayələri yazır və bir daha yazdıqlarını Peyğəmbərə (s) oxuyurdular. Bu yolla həzrət Peyğəmbər (s) nazil olmuş surə və ayənin düzgün yazılmasına əmın olurdu. Şübhəsiz ki, İslam peyğəmbərinin (s) zamanında əksər surələrə ad verilmiş və o həzrət şəxsən özü hər ayənin, surənin yerini təyin etmişdi. Hətta o zaman “uzun”, “qısa” surələr də bəlli olmuş və hər surənin oxumasının fəziləti açıqlanmışdı. Abdullah ibn Məs`ud, Übəy ibn Kə`b və başqaları dəfələrlə Quranı o həzrətin qarşısında oxumuş və xətm etmişdilər. Bundan başqa, Quran müxtəlif lövhələrə yazılaraq məscidə qoyulur və xalq istənilən şəkildə onlardan faydalanırdı.

Quranın təhrif təhlükəsindən amanda qalmasının səbəbləri
Müxtəlif səbəblərə görə Quran təhrif təhlükəsindən amanda qalmışdır. Belə ki, İslam peyğəmbərinin (s) bu kitabın toplanmasına, qorunmasına göstərdiyi xüsusi diqqət, müsəlmanların ona qarşı dərin sevgi bəsləməsi və Quranın bütün evlərdə, məscidlərdə olması bu səmavi kitabın qorunmasına təminat vermişdir. Qurandan fərqli olaraq, Tövrat min il, İncil isə üç yüz il xalqın ixtiyarında olmamış və uzun müddət sonra toplanmışdır. Amma müsəlmanların dini kitabı, nazil edildiyi vaxtdan indiyə qədər toxunulmaz olaraq qalmış, nə azalmış, nə də çoxalmışdır. Böyük Şiə alimləri tarix boyu Quranın toxunulmazlığını isbat etmişlər. Belə ki, möhtəşəm hədis alimi Şeyx Səduq, məşhur fəqih Şeyx Müfid, Şeyx Tusi, böyük təfsir alimi Şeyx Təbərsi və başqaları Quranın təhrif edilmədiyini sübuta yetirmişlər.
Nəticə: Peyğəmbərin (s) əbədi möcuzəsi olan Quran hər növ təhrifdən amanda qalmış və bu gün əlimizdə olan bu səmavi kitab eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Məsum imamlarımız (ə) da haqqı batildən ayırmaq üçün bu quranı meyar bilmiş, buna müvafiq olmayan məsələləri rədd etmişlər. Onlar bu müqəddəs kitabın öyrənilməsinə, qorunmasına, əzbərlənməsinə, onun göstərişlərinə əməl edilməsinə, ayələrin tilavətinə qulaq asılmasına böyük diqqət yetirmiş və insanların maddi, mənəvi, siyasi, iqtisadi, ictimai problemlərinin həmişəlik həlli yolunu bu kitabın oxunub icra edilməsində görmüşlər.