1- Tovhid
İslam ideologiyasının əsasını “tovhid” təşkil edir. Bu, Allahın hər növ eyb və nöqsandan uzaq olduğuna əqidə bəsləməkdən ibarətdir. Obyektiv gerçəkliyə hakim olan möhtəşəm nizam-intizam, ahəngdarlıq və məqsədəuyğunluq Allahın hər şeyə qadir və fövqəltəbii zəkaya malik yeganə varlıq olmasına ən aydın sübutdur. Başqa sözlə desək, “tovhid”, kainatı yoxdan yaradan bir varlığa inam və hər şeyin - ruzinin, həyatın, ölümün, sağlamliğin, xəstəliyin və s.-in Onun iradəsindən asılı olmasına etiqad bəsləməkdir. Atomlardan tutmuş böyük kəhkəşanlara qədər bütün varlıqlar, onlara hakim kəsilən nizam-intizam, ahəngdarlıq, məqsədəuyğunluq və s. bütünlüklə insan ağlını, sağlam düşüncəni, bütün bunların fövqəltəbii zəkaya malik bir varlıq tərəfindən yaradılmasına inanmağa sövq edir. Bəli, bütün bunlar Allahın ucalığına, əzəmətnə sübutdur. Hansı ki, ağıl və fitrətimizin çağırışı ilə Ona etiqad bəsləyir, pərəstiş edir və Ondan yardım diləyərək, Ona təvəkkül edirik.
 

Allahin camal və kamal sifətləri
Uca Tanrı bütün camal və kamal sifətlərə (atributlara) malikdir. Bu sifətlərə aşağıdakıları misal göstərmək olar:
Elm: O, bütünlüklə obyektiv gerçəklikdən, varlıqların kiçiklıyındən və böyüklüyündən, harada olmasından asılı olmayaraq, hətta insanların qəlbindən keçən hər şeydən xəbərdardır.
Qüdrət: O, hər şeyə qadirdir. Yaradan, ruzi verən, öldürən və sonsuz qudrət sahibi olaraq hər şeyi xəlq edən odur.
Həyat (dirilik): Obyektiv gerçəklikdə müşahidə olunan həyat hamıya məlumdur. Özü həyat sifətinə malik olmayan varlığın həyat bəxş etməsi mümkün deyil. Habelə, elm və qüdrət həyatla bilavasitə əlaqəlidir. Təbii ki, həyat sifəti olmadan qüdrət və elm sifəti də gerçəkləşə bilməz.
İradə və istək: Allahın bu sifətə malik olmasında məqsəd Onun iradə və ixtiyar sahibi olmasıdır. O, görəcəyi işləri məcburi şəkildə həyata keçirmir. Başqa sözlə, O, ətir saçmaqda ixtiyarsız olan bir gülə bənzəmir.
İdrak: O, dərk edəndir. Hər şeyi, aşkar və gizli olsa belə görür və eşidir.
Qədim: O, əzəlidir. Yəni əzəldən olmuş və daim olacaqdır. Çünki bütün varlıqlara həyat bəxş edən odur. Mahiyyətcə başqası vasitəsilə mövcud olan mümkün varlıq (ehtimal olunan, kontingent varlıq) ona həyat verən mütləq, zəruri varlığa daim ehtiyac duyur. Çünki mövcudluğunun davamı Onun istəyindən asılıdır. Bu baxımdan bütün gerçəklik başlanğıclı olub daim Ona ehtiyaclıdır. Amma O, ilk səbəbdir və ehtiyacsızdır.
Təkəllüm: Yəni hər bir şeydə danışıq icad etməyə qadirdir. O, iradə etdiyi zaman pak və məsum bəndələri (peyğımbərlər, mələklər və s.) ilə danışır. Başqa sözlə desək, səsi icad edir.
Sidq: Bütün buyurduqları doğrudur. O, vədəsinə sadiqdir. Bundan başqa, uca Tanrı yaradan, ruzi verən, bağışlayan, kəramət sahibi və mehribandır.

Allahın cəlal sifətləri
Digər tərəfdən, Allah bütün eyb və nöqsanlardan uzaqdır. O, maddi (konkret) varlıq kimi cisim deyil və tərkibə ayrılmır. Elə buna görə də Allah yer tutmur, dünya və axirətdə ləms edilməyəcək və gözlə müşahidə olunmayacaq. O, maddi olmadığı üçün dəyişməzdir. Maddi hisslər və duyğular ona aid deyil. Xəstəlik, aclıq, yuxu, qocalıq və s. hallar ondan uzaqdir.
Onun oxşarı və şəriki yoxdur. O, təkdir. Onun sifətləri zatı (substansiyası) ilə ayrılmaz vəhdət təşkil edir, yəni sifətləri zatının eynidir. O, insana və ya digər yaradılmışlara bənzəmir. Uca Tanrı mütləq mənada ehtiyacsızdır. Belə ki, məsləhət, sərvət, ordu, dost və s. anlayışlar onun üçün heç bir məna kəsb etmir.