Müvəqqəti nikah

 

Abdullah: Müsəlmanların əksəriyyəti müvəqqəti nikahı haram bildiyi bir halda nə üçün siz şiələr onu caiz bilirsiniz?

Rza: Ömər ibn Xəttabın dediyinə görə Allahın Rəsulu (s) müvəqqəti nikahı halal və caiz bilib və biz də Peyğəmbərin hökmü əsasında onu caiz bilirik.

Abdullah: Peyğəmbər (s) nə buyurub?

Rza: Cahiz, Qirtəbi, Sərəxsi Hənəfi, Fəxri Razi və bir çox digər sünni alimləri nəql ediblər ki, Ömər, xütbələrinin birində belə dedi:

مُتْعَتانِ كانَتا عَلىٰ عَهْدِ رَسُولِ اللهِ (ص) وَ اَنَا أَنْهىٰ عَنْهُمَا وَ اُعَاقِبُ عَلَيْهِما: مُتْعَةَ الْحَجِّ وَ مُتْعَةَ النِّسَاءِ

Yə`ni, Peyğəmbərin (s) zamanında halal olan iki müt`əni mən, qadağan edirəm və onları yerinə yetirənləri cəzalandıracam: o müt`ələr, həcc müt`əsi[1] və qadınlar müt`əsidir[2].

“İbn Xəlləkanın” adlı tarix kitabında yazılıb ki, Ömər ibn Xəttab dedi: “Peyğəmbərin və Əbu Bəkrin zamanında caiz olan iki müt`əni mən, qadağan edirəm.”[3]

Sən bu barədə hansı fikirdəsən? Yə`ni, Ömərin dediyi bu söz- peyğəmbərin zamanında bu iki müt`ə halal və caiz olub- doğrudur, yoxsa yalan?

Abdullah: Bəli, Ömər düz deyib.

Rza: Əgər belədirsə, onda Peyğəmbərin (s) sözünü qoyub, Ömərin dediyini qəbul etmək düzgündürmü?

Abdullah: Ömər ibn Xəttab öz xəlifəlik iqtidarından istifadə edərək, bu müt`ələri qadağan edibdir.

Rza: Amma bütün İslam alimləri istisnasız olaraq bu əqidədədirlər ki, həzrət Məhəmmədin (s) halal etdikləri, qiyamətə qədər halal və haram etdikləri, qiyamətə qədər haramdır[4].

Bu barədə nəzəriniz nədir?

Abdullah dərin fikrə dalıb, özünü Rzaya tutub dedi:

Siz haqlısınız. Amma görəsən Ömər ibn Xəttab nəyə əsaslanaraq bu iki müt`əni qadağan etmişdir?

Rza: Bu, onun şəxsi ictihadı idi. Bilməlisiniz ki, “nəss” (yə`ni, Qur`anda və hədislərdə açıqcasına bəyan edilən hökmlər) ilə zidd və müxalif olan hər bir ictihad e`tibarsızdır.

Abdullah: Hətta əgər bu ictihad, Ömər ibn Xəttab kimi nüfuzlu bir şəxsin ictihadı olsa da?

Rza: Nəinki Ömərin ictihadı, hətta ondan da böyük mənsəbdə olan bir şəxsin ictihadı da e`tibarsızdır. Sizin nəzərinizcə indi biz, Allah və onun Peyğəmbərinin dediklərinə əməl etməliyik, yoxsa Ömər ibn Xəttabın?

Abdullah: Müt`ənin caiz olduğu barədə Qur`an ayəsi vardırmı?

Rza: Bəli, Allah taala buyurur:

...فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَئَاتُوهُنَّ اُجُورَهُنَّ فَرِيضَةً

Yə`ni, «müt`ə etdiyiniz qadınların mehriyyəsini vacib bir haqq olaraq, onlara verin![5]»

Mərhum əllamə Əmini, Əhməd ibn Hənbəlin müsnədi kimi sünnilərin bir çox mö`təbər kitablarından sübutlar gətirmişdir ki, bu ayə, müvəqqəti nikah barəsində nazil olub və bu kitabların müəllifləri yuxarıdakı ayəyə əsaslanaraq müt`əni caiz hesab ediblər[6].

Abdullah: İndiyədək mən, dediyiniz bu sözləri heç kimdən eşitməmişdim.

Rza: Siz əgər dəyərli və misilsiz “Əl-ğədir” kitabını mütaliə etsəniz, bu barədə daha geniş mə`lumatlar əldə edərsiniz.

Xülasə, indi biz, Allah və Onun Rəsulunun halal bildiyini Ömərin göstərişi ilə haram hesab etməliyik?! Görəsən biz, kimin ümmətiyik: Peyğəmbərin (s), yoxsa Ömərin?

Abdullah: Əlbəttə ki, biz, peyğəmbərin ümmətiyik və Ömər də peyğəmbərin ümmətindən olduğu üçün nəzərlərdə yüksəlmişdir.

Rza: Onda nə üçün Peyğəmbərin (s) buyruğunu qəbul etməkdən boyun qaçırırsan?

Abdullah: çünki müsəlmanların əksəriy­yəti müt`əni (yə`ni, müvəqqəti nikahı) haram bilirlər və mən də əksəriyyətin nəzərinə tabe olaraq onu haram bilmişəm.

Rza: Lakin müsəlmanların hamısı bu əqidədə deyildirlər.

Abdullah: Hansı müsəlmanları nəzərdə tutursunuz?

Rza: Siz özünüz söhbətimizin əvvəlində dediniz ki, şiələr müvəqqəti nikahı halal bilirlər. Demək olar ki, müsəlmanların bir hissəsini şiələr təşkil edir. Bütün müsəlmanların sayı isə bir milyard nəfərdən çoxdur. Bəli, şiələr müvəqqəti nikahı caiz və halal bilirlər. Bundan əlavə Peyğəmbər (s), öz nəslindən olan mə`sum imamları Nuhun gəmisinə bənzədib və buyurub:

مَثَلُ اَهْلِ بَيْتِي فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ مَنْ رَكِبَها نَجىٰ وَ مَنْ تَخَلَّفَ عَنْها غَرِقَ

Yə`ni, «mənim əhli-beytim sizin aranızdakı məsəli Nuhun gəmisinə bənzəyir: ona minənlər, nicat tapar və ondan uzaqlaşanlar, qərq olar[7]».

Həmçinin o həzrət buyurub:

اِنِّي تارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ كِتابَ اللهِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي وَ اِنَّهُما لا يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ

Yə`ni, «mən sizin aranızda iki qiymətli əmanət qoyuram: Allahın kitabı və əhli-beytim. Onlar (Kövsər) hövuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqlar[8]».

Bu iki hədisdən nəticə alırıq ki, Əhli-beytin (ə) ardıcılı olmaq nicat tapmağa, Allaha yaxınlaşmağa, onlardan uzaqlaşıb, başqalarının ardınca düşmək, isə həlakət və azğınlığa səbəb olar.

Bu böyük insanlar da öz kəlamlarında bildiriblər ki, müvəqqəti nikah caizdir və mənsux olmayıbdır. Şiələr də onların buyruqları əsasında rəftar ediblər.

Əmirəl-möminin Əli (ə) hədislərin birində buyurur:

لَوْ لا اَنَّ عُمَرَ نَهىٰ عَنِ الْمُتْعَةِ ما زَنَى اِلّا شَقِىّ

Yə`ni, «əgər Ömər müvəqqəti nikahı qadağan etməsəydi, şübhəsiz ki, bədbəxt insanlardan başqa heç kim zinaya düçar olmazdı[9]».

İmam Əlinin (ə) kəlamından belə başa düşülür ki, Ömər, müvəqqəti nikahı haram və qadağan etdikdən sonra müsəlmanlar bu işdən çəkindilər və daimi nikaha imkanı olmayanlar isə zinaya düçar oldular.

Deməli, müsəlmanların rəhbərləri müt`əni (yə`ni, müvəqqəti nikahı) halal və caiz biliblər və səhabə, tabe`in və sonrakı müsəlmanların əksəriyyəti Qur`an və Pey­ğəm­bərin buyruğuna əsaslanaraq Ömərin qoyduğu qadağanı rədd ediblər. bütün bunları nəzərə alaraq iddia etmək mümkündürmü ki, müsəlmanların hamısı və ya əksəriyyəti müt`əni haram bilirlər?

Burada müvəqqəti nikahı qəbul edən bir sıra tarixi şəxsiyyətlərin adlarını sadalayır və onların bu barədəki nəzərlərini nəql edirəm:

İmran ibn Əl-Həsin deyir: “Qur`anda müt`ə barədə ayə nazil olub və bu ayə başqa ayə vasitəsilə nəsx olunmayıbdır. Allahın Rəsulu (s) müt`əni bizə halal etdi və biz, Peyğəmbərlə birgə təməttünü (həcci) yerinə yetirdik. O həzrət həyatda ikən bu təməttünü bizə qadağan etəmədi. Amma o kişi (yə`ni, Ömər ibn Xəttab) Peyğəmbərin vəfatından sonra özündən istədiyini dedi[10].

Cabir ibn Abdullah və Əbu Səid Xidri deyirlər: “Ömər xilafətə gəldikdən bir neçə müddət sonra da biz, müt`ə edirdik. Lakin Ömər Əmr ibn Hərisin əhvalatından sonra onu müsəlmanlara qadağan etdi.

O şəxslərdən biri də Abdullah ibn Məs`uddur. İbn Həzm “Əl-muhəlla” və Zərqani “Şərhül-müt`ə” adlı kitablarında yazıblar ki, Abdullah ibn Məs`ud ömrünün sonunadək müvəqqəti nikahı caiz və mübah bildi. Hədis hafizləri də Abdullah ibn Məs`uddan rəvayət ediblər ki, o dedi: “Biz, qəzvələrin[11] birində zövcələrimizdən uzaq düşdüyümüz üçün Allahın Rəsuluna (s) dedik: “Ey Allahın Rəsulu, özümüzü axta edə bilərik?” O həzrət bizi bu işdən çəkindirdi və mehriyyə verib, müəyyən müddət tə`yin etmək şərtilə müvəqqəti nikah etməyə bizə icazə verdi. Sonra o həzrət bu ayəni oxudu: “Allahın sizə halal etdiyi pakizə şeyləri özünüzə haram bilməyin!”[12]-

Abdullan ibn Ömər də o şəxslərdən biridir. Əhməd ibn Hənbəl (Hənbəli məzhəbinin rəhbəri) nəql edir ki, Əbdür-Rəhman ibn Nə`əm (ya Nə`im) Ə`rəc dedi: “Mən, Abdullah ibn Ömərin yanında idim. Bir nəfər ona müt`ə barəsində sual verdi. O dedi: “And olsun Allaha ki, biz, Allahın Rəsulunun (s) dövründə zinakar deyildik.”[14]

Səlmət ibn Üməyyət ibn Xələf: İbn Həzm “Mühəlla” adlı kitabında və Zərqani “Şərhül-mutə`” kitabında yazıblar ki, Səlmət ibn Üməyyə və Üməyyə ibn Xələf müvəqqəti nikahı caiz və mübah biliblər.

Mü`bəd ibn Üməyyət ibn Xələf: İbn Həzm öz kitabında yazıbdır ki, Mü`bəd ibn Üməyyə ibn Xələf, müvəqqəti nikahı caiz və mübah bilibdir.

Zübeyr ibn Əvam: Rağib deyir: “Abdullah ibn Abbas müvəqqəti nikahı caiz və mübah bildiyi üçün Abdullah ibn Zübeyr onu məzəmmət etdi. Abdullah ibn Abbas ona dedi: “Get anandan atanla necə evləndiyini soruş!” O, anasından bu barədə soruşduqda, anası ona belə cavab verdi: “Mən səni müt`ədən (yə`ni, müvəqqəti nikahdan) dünyaya gətirmişəm.”[15] Bu əhvalat göstərir ki, Zübeyr, müvəqqəti nikahı caiz və mübah bilirmiş.

Xalid ibn Mühacir ibn Xalid Məxzəmi, İbn Əbi Ümrə Ənsari ilə əyləşmişdi. Bu vaxt bir nəfər gəlib, ondan müt`ə barəsində soruşdu və Xalid də müt`ənin caiz və mübah olduğunu bildirdi. İbn Əbi Ümrə Ənsari ona dedi: “Ahəstə danış! (Nə üçün bu qədər xatircəmliklə fitva verirsən?!) Xalid dedi: “Allaha and olsun ki, biz, pərhizkarların mövlasının (yə`ni Peyğəmbərin) dövründə bu işi görmüşük.”[16]

Əmr ibn Həris: Əbdür-Rəzzaq Hafiz “Müsənnəf” adlı kitabında İbn Cürəyhdən belə nəql edir: “Əbu Zübeyr mənə nəql edirdi ki, Cabir belə dedi: “Əmr ibn Həris, Kufədə bir kənizlə müt`ə (yə`ni müvəqqəti nikah) etdi. O kəniz bu nikahdan hamilə qaldı. Buna görə Ömər onu yanına çağırtdırdı. Ömər, bu əhvalatın doğru olduğunu Əmrdan soruşdu və Əmr bu işi təsdiq etdi. Bu əhvalatdan sonra Ömər müvəqqəti nikahı qadağan etdi.”[17]

Həmçinin Übəyy ibn Kə`b, Rəbi`ət ibn Üməyyə, Səmir (ya Sümrət) ibn Cündəb, Səid ibn Cübəyr, Tavus Yəmani, Ə`ta Əbu Məhəmməd Mədəni, Südəyy, Mücahid, Zəfər bin Övs Mədəni və bir çox tanınmış səhabələr, tabeinlər və onlardan sonra gələn İslam dünyasının mühüm şəxsiyyətləri, Ömərin Qur`an və sünnənin ziddinə olan bu fitvasını məhkum edibdirlər.

Abdullah, indi bu qədər sübutdan sonra demək olarmı ki, müsəlmanların əksəriyyəti müt`əni haram bilirlər?

Abdullah: Mən sizdən üzr istəyirəm, çünki mən, sizə dediklərimi başqalarından eşitmişdim, lakin bu sözlərin doğru olub-olmadığını araşdırmamışdım. Bu söhbət­lərdən sonra bu qərara gəldim ki, belə ixtilaflı məsələlərdə kor-koranə məzhəbi təəssübkeşliyi kənara qoyub, lazımi kitabları mütaliə edim və tədqiq apararaq, həqiqəti kəşf edim.

Rza: Deməli, sən də müvəqqəti nikahın caiz və mübah olduğunu qəbul edirsən?!

Abdullah: Bəli, qəbul etdim. Bundan əlavə mənə aydın oldu ki, müt`əni haram və qadağan edənlər öz istək və şəxsi rə`ylərinə tabe olublar və nəinki Ömər ibn Xəttab, hətta ondan böyük mənsəb sahibi Allahın hökmünü dəyişə bilməz. Həmçinin müvəqqəti nikahın caiz olduğu barədə Qur`an ayəsi mövcuddur və bu ayə, başqa bir ayə vasitəsilə nəsx olunmayıbdır. Ömərin bu hərəkəti məni çox təəccübə gətirir ki, o hansı ixtiyarla Allahın hökmünü dəyişdiribdir?!

Sizdən xahiş edirəm belə ixtilaflı mövzuları məntiq üzrə və şəxsi və ya məzhəbi qərəzlərdən uzaq bir şəkildə araşdıran bir neçə kitabı mənə tövsiyə edin. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

Rza: Əllamə Əmininin “Əl-qədir” kitabı, mərhum əllamə Şərəfüddinin “Ən-nəssü vəl-ictihad”[18] və “Əl-füsulil mühimmə” kitabları və Tofiq Əl-Fəkikinin “Əl-müt`ə” adlı kitabına müraciət edə bilərsiniz. Bu kitabları diqqətlə və bitərəf mövqe tutaraq mütaliə edin.

Abdullah: Hökmən dediyiniz kimi edəcəyəm və sizin üçün Allahdan xeyir diləyirəm.

Rza: Əgər bilmək istəyirsinizsə sünnilər bundan əlavə başqa bir səhvə də yol veriblər.

Abdullah: Hansı səhvə?

Rza: Ömər, həm qadınlar, həm də həcc müt`əsini qadağan etmişdi. Amma nə üçün sünnilər həcc müt`əsini caiz, lakin qadınlar müt`əsini haram bilirlər? Əgər Ömərin verdiyi fitva e`tibarlıdırsa, bu vaxt sünnilər hər iki müt`əni haram bilmə­lidirlər. Yox əgər bu fitvanın heç bir e`tibarı yoxdursa, bu vaxt hər iki müt`ə caiz və mübah olmalıdır.

Abdullah: Yə`ni sünnilər həcc müt`əsini caiz və mübah bilirlər?

Rza: Bəli, doğrudur. Əgər onların kitablarına müraciət etsən, bu həqiqət də sənə aydın olar.

Abdullah: Sənə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm.

سُبْحانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَ سَلامٌ عَلَى الْمُرْسَلِينَ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعالَمِينَ

(Saffat surəsi, 180-181-182-ci ayələr)

Sadiq Hüseyni Şirazi.


[1] Həcc müt`əsi: Hacı, təməttö həccinin ömrəsini yerinə yetirib, ehramdan çıxdıqdan sonra yenidən təməttö həccinin əməllərini yerinə yetirmək üçün ehram bağlayana qədər ehram halında ona haram olan bütün mübah işlərdən istifadə edə bilər.

[2] Cahizin “Əl-bəyan vət-təbyin” kitabının 2-ci cildi, 223-cü səh.; “Qirtəbinin təfsiri”, 2-ci cild, 390-391-ci səh.-lər, 1042-ci hədis; “Əl-məbsut” kitabının həcc bölümü, “Qir`an” fəsli; Fəxri Razinin “Ət-təfsiril-kəbir” kitabı, 2-ci cild, 167-ci səh. və 3-cü cild, 201-202-ci səh.-lər

[3] İbn Xəlləkanın tarixi, 2-ci cild, 359-cu səh.

[4]

قالَ رَسُولُ اللهِ (ص): حَلالُ مُحَمَّدٍ حَلالٌ اِلىٰ يَوْمِ الْقِيامَةِ وَ حَرامُهُ حَرامٌ اِلى يَوْمِ القِيامَةِ

[5] Nisa surəsi, 24-cü ayə

[6] “Əl-ğədir” kitabının 6-cı cildi, 229-236-cı səh.-lər

[7] “Biharül-ənvar”ın 10-cu cildi, 111-ci səh; 1-ci hədis

[8] Müsnədi Əhməd ibn Hənbəl, 3-cü cild, 17, 26 və 59-cu səh-lər, həmçinin 4-cü cildi, 367-ci səh

[9] Məhəmməd ibn Müslim, imam Baqirdən (ə) nəql edir ki, Cabir ibn Abdullah dedi: “Müsəlmanlar, Allahın Elçisi (s.ə.v.a) ilə birgə müharibəyə getmişdilər. Peyğəmbər (s.ə.v.a) (bu müharibədə) müt`əni, yə`ni müvəqqəti nikahı, onlara halal etdi.” Əli (ə) buyurub: “Əgər Xəttabın oğlu (Ömər) hakimiyyəti ələ keçirtməsəydi, bədbəxtlərdən başqa heç kim zina etməzdi.” (Biharül-ənvarın 100-cü cildi, 314-cü səh, 10-cu bölüm, 15-ci hədis; “Məcmə`ül-bəyan” təfsiri, 5-ci cild, 9-cu səh

[10] Qirtəbinin təfsiri, 2-ci cild, 385-ci səh; 1026-cı hədis. Bu rəvayət, belə də nəql olunubdur: Müt`ə ayəsi (həcc müt`əsi barədəki ayə) Allahın kitabında nazil olub və Peyğəmbər onu yerinə yetirməyi bizə əmr edib. Bu ayə, başqa bir ayə vasitəsilə nəsx olmadı və Allahın Rəsulu (s.ə.v.a) ömrünün sonunadək bu müt`əni qadağan etmədi, lakin Peyğəmbərdən sonra o kişi, istədiyini dedi.

[11] Qəzvə, Peyğəmbərin şəxsən iştirak etdiyi müharibələrə deyilir.

[12] Maidə surəsi, 87-ci ayə:

 و لا تحرموا طيبات ما احل الله لكم....

[13] “Səhihi Buxari”nin 5-ci cildi, 1953-cü səh; 8-ci bölüm, 2787-ci hədis: “Ma yəkruhu minəl təbəttül vəl xisai” (bir qədər fərqli olaraq); “Səhihi Müslim”in 3-cü cildi, 192-193-cü səh.-lər, “Müt`ə nikahı” bölümü (müvəqqəti nikah); “Sünənül-kübra”nın 7-ci cildi, 200-ci səh; Şiğar bölümü; “Dürrül-mənsur”un 2-ci cildi, 307-ci səh; Maidə surəsinin 87-ci ayəsinin təfsirində (müəllif bu hədisi doqquz nəfər böyük təfsirçilərdən və Qur`an hafizlərindən nəql edib. Bundan əlavə bir sıra mö`təbər ədəbiyyalara da əsaslanıbdır.)

[14] Müsnədi Əhməd, 2-ci cild, 95-ci səh.

[15] “Əl-mühazirat”ın 2-ci cildi, 94-cü səh.

[16] “Səhihi Müslim”in 3-cü cildi, 197-198-ci səh.-lər, 3-cü bölüm: Nikahül-müt`ə; “Əs-sünənül-kübra”nın 7-ci cildi, 205-ci səh; “Nikahül-müt`ə” adlı bölüm

[17] “Fəthül-bari”nin 9-cu cildi, 141-ci səh.

[18] Bu kitab azərbaycan dilinə tərcümə edilib