Allah övliyalarına təvəssül etmək

 

O, dərindən ah çəkərək deyirdi: “Özlərini müsəlman bilən bu kafir müşriklərə vay olsun, vay!!!” Məhəmməd ondan soruşdu:

Kimi nəzərdə tutursan?

Kamal: Bu şiələri deyirəm.

Məhəmməd: Onları təhqir edib, müşrik adlandırma, çünki onlar da bizim kimi müsəlmandırlar.

Kamal: Onları kütləvi şəkildə qırmağın savabı, kafirləri qətlə yetirməyin savabından çoxdur.

Məhəmməd: Nə üçün bu qədər əsəbiləşirsən? Hansı səbəbə görə onları müşrik adlandırırsan?

Kamal: Onlar, Allaha şərik qoşur və heç bir mənfəət və ya ziyanı olmayan bir şeyə Allah əvəzinə sitayiş edirlər.

Məhəmməd: Fikrinizi açıqlaya bilərsiniz?

Kamal: Şiələr, Peyğəmbərə (s), imamlara (ə) və Allah övliyalarına təvəssül edib, onlara “ya Rəsuləllah, ya Əli, ya Həsən, ya Sahibəzzaman” və s. bu kimi sözlərlə xitab edir və hacətlərinin rəva olmasını onlardan istəyirlər! Şiələr, iddia edirlər ki, bu insanlar, Allah övliyalarıdır və onların hacətlərini rəva etməyə qadirdirlər. Sizin fikrinizcə bu əməl, açıq-aşkar bir şirk deyil? Həmçinin Allaha qarşı küfr etmək və Ondan başqasına sitayiş etmək sayılmır?

Məhəmməd: Qısaca olaraq sizin üçün bir əhvalatı danışmaq istəyirəm.

Kamal: Buyurun.

Məhəmməd: Əvvəllər mən də sizin kimi şiələri təhqir edib, onlara nalayiq töhmətlər vururdum. Fürsət düşən kimi və onlar olmayan bir yerdə ürəyim soyuyana qədər onları təhqir edirdim. Lakin Həcc səfərində bir şiə ilə həmsəfər oldum. Şiələrə qarşı olan nifrətimi gizlədə bilməyib, illər boyu ürəyimdə yığılıb qalan kin-küdurəti dilimə gətirdim. Amma o, təmkinlə məni dinləyib, təbəssüm edirdi. Sanki mənim təhqirlərimi ciddi qəbul etmir, təbəssümlə mənə baxırdı. Onun bu təmkini mənim düşmənçilik şö`ləmi zəiflətdi. Mən sakitləşdikdən sonra o, özünü mənə tutub, dedi: “Ey din qardaşım, Məhəmməd, icazə verirsiniz sizinlə bu barədə bir qədər söhbət edək?

Biz, bir sıra mövzular barədə söhbət etdik, Allah övliyalarına təvəssül etmək də bu mövzulardan biri idi. Mən, bu söhbətimizdən sonra qəbul etdim ki, bu mövzularda haqq onlarladır.

Kamal: Elə bil, onların şirki və hiylələri sənə də tə`sir qoyub... Sizin din və İslam haqqında anlayışınız çox azdır!

Məhəmməd: Əgər belə fikirləşirsinizsə, mən sizinlə Qur`ani kərimə, mö`təbər hədislərə və saleh müsəlmanların rəftarlarına istinad edərək Allah övliyalarına təvəssül etmək barədə bəhs etməyə hazıram.

Kamal: Hamımız bilirik ki, Allah taala Öz yaratdıqlarına qarşı hamıdan çox mehribandır və Onunla məxluqlar arasında heç bir maniə yoxdur. Odur ki, hər bir insan, yerləşdiyi məkandan və zamandan asılı olmayaraq vasitəsiz və birbaşa olaraq Allah iələ rabitə yaratmalı və yalnız Ona təvəssül etməlidir. Peyğəmbərlərə (s), imamlara (ə), mələklərə və saleh bəndələrə təvəssül etmək olmaz, hərçənd onlar uca məqama sahibdirlər.

Məhəmməd: Nə üçün onlara təvəssül etmək olmaz?

Kamal: İnsan öldükdən sonra puç və fani olub, aradan gedir və bu halda o, heç bir kəsə mənfəət yetirə bilməz. Axı fani olan bir insana necə təvəssül etmək olar?!

Məhəmməd: Nəyə əsaslanaraq deyirsiniz ki, ölmək, fani və puç olmaq deməkdir?

Kamal: İmam Məhəmməd ibn Əbdül Vəhhab deyir: “Dünyadan köçən saleh insanlara təvəssül etmək, həqiqətdə fani yə mövcud olmayan bir şeydən köməklik diləmək deməkdir və insanın ağlı bu əməli qəbul etmir.” Həmçinin onun ardıcıllarından biri nəql edir ki, bir nəfər Məhəmməd ibn Əbdül Vəhhabın yanında dedi: “Mənim bu əsam, Məhəmməddən (yə`ni, Peyğəmbərdən (s)) daha yaxşı və faydalıdır. çünki bu əsadan əqrəb, ilan və bu kimi təhlükəli heyvanları öldürmək üçün istifadə etmək olar, amma Məhəmməd artıq ölüb və onun bizə heç bir faydası yoxdur.”[1] O da bu sözü təsdiq etdi.

Deməli, ölülərə, hətta Peyğəmbərin özünə belə təvəssül etmək düzgün deyil.

Məhəmməd: Amma sizin düşüncənizin tam əksinə olaraq insan öldükdən sonra həyatda onun üçün gizli qalan aləmlər ona aşkar olur. Allah taala bu barədə buyurur:

 ...فَكَشَفْنا عَنْكَ غِطآءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

Yə`ni, «biz, sənin gözlərinin önündən pərdələri qaldırdıq və bu gün gözlərin daha iti görür[2]».

Allah taala başqa bir ayədə buyurur:

 «وَ لا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللهِ أَمْواتٌ بَلْ أحْياءٌ وَ لكِنْ لا تَشْعُرُون»

Yə`ni, «Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə onlar diridirlər, amma siz bilmirsiniz[3]».

Həmçinin başqa bir ayədə oxuyuruq:

 وَ لا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْواتاً بَلْ اَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

Yə`ni, «Allah yolunda öldürülənləri ölü sanmayın, əksinə onlar diridirlər və Allah dərgahında onlara ruzi verilir[4]».

Səhihi-Buxarıdə yazılıb: “Peyğəmbər (s), Bədr quyusunun başına gəlib (müşriklərin qoşunundan ölənlərin cəsədlərini bu quyuya atmışdılar), ölü müşriklərə xitab edərək, dedi:

«Allahımızın bizə verdiyi və`din haqq olduğunu gördük. Siz də Allahınızın sizə verdiyi və`din haqq olduğunu gördünüzmü?»

O həzrətin ətrafındakılar dedilər: “Ölülər, cavab verməyə qadir deyil!” Peyğəmbər (s) buyurdu: “Elə sanmayın ki, siz, onlardan daha yaxşı eşidirsiniz!”[5]

Həmçinin Qəzzali (şafeyi məzhəbinin böyük alimi) deyir: “Bə`ziləri elə güman edirlər ki, ölüm, məhv və puç olmağa bərabərdir... Bilin ki, bu düşüncə, kafirlərin düşüncəsidir.”[6]

Kamal: Yə`ni, İmam Qəzzali, ölümü fanilik və puçluğa bərabər sanmağı küfr hesab edir? O, bu sözü harada işlədib?

Məhəmməd: “Ehyaül-ülum”[7] adlı kitabında. Onun bu kitabına müraciət etsəniz, qeyd etdiyim bu mövzunu orada görərsiniz.

Kamal: Qəzzalinin bu sözü həqiqətən də çox təəccüblüdür!

Məhəmməd: Qəzzalinin bu sözü təəccüblü deyil, əksinə sizin bu mövzudan xəbərsiz olduğunuz çox təəccüblüdür! Yə`ni, siz, indiyədək Peyğəmbərin (s) Bədr quyusundakı müşrik ölülərə olan xitabını eşitməmisiniz?! Əgər bu ölülər puç və məhv olub aradan gediblərsə, bu halda onlar nə eşitməyə və nə də dərk etməyə qadirdirlər. Onda nə üçün peyğəmbər (s), ətrafındakılara belə buyurubdur: “Elə sanmayın ki, siz onlardan daha yaxşı eşidirsiniz.”[8] Peyğəmbərin (s) bu sözündən belə nəticə alınır ki, bu ölülər də sizin kimi eşidir və dərk edirlər. Mənim bu sözümlə razılaşırsan?

Kamal: Bəli, razılaşıram. Lakin təəccüb edirəm ki, necə olub mən, indiyədək bu ayələri diqqətlə oxuyub, onların məzmunu barədə düşünməmişəm?! Yaxud bir dəfə də olsun Peyğəmbərimizin (s) və böyük alimimiz Qəzzalinin sözlərini eşitməmişəm?!

Məhəmməd: İndi qəbul edirsən ki, şiənin ölüm barədəki əqidəsi- yə`ni, insan öldükdən sonra puç və fani olmur- düzgün bir əqidədir? Yoxsa yenə də şəkk-şübhə içindəsən?

Kamal: Xeyr, artıq bu barədə heç bir şəkkim qalmadı. Amma başqa bir məsələ məni çox düşündürür.

Məhəmməd: O hansı məsələdir?

Kamal: Aydın oldu ki, Qəzzali, ölümün puç və fanilik olmadığını qəbul edərək bildirmişdir ki, kafirlər, ölümün faniliklə bərabər olduğunu düşünürdülər. Həmçinin Peyğəmbər (s) açıqcasına buyurubdur ki, ölülər də eynilə dirilər kimi eşidir və başa düşürlər. Mən təəccüb edirəm ki, Məhəmməd ibn Əbdül Vəhhab nə üçün ölümü puç və fani olmaq hesab edir? Başqa bir məsələ də budur ki, Məhəmməd ibn Əbdül Vəhhab hansı cür`ətlə bu sözü deyibdir ki, mənim əsam Peyğəmbərdən yaxşıdır, çünki bu əsanın mənə bir faydası var, amma Peyğəmbərin heç bir faydası yoxdur[9]?!

Bu iki məsələ məni çox təəccübləndirir.

Məhəmməd: Heç təəccüblənmə! İnsanları tanımaq üçün onları Qur`an, hədis və saleh bəndələrlə müqayisə etməliyik. Əgər bir şəxsin rəftarları və sözləri Qur`an və hədislərlə üst-üstə düşürsə, bu vaxt onu mö`min adlandırmaq olar. Heç vaxt dini, fərdlə müqayisə etməməliyik, əksinə insanları dinlə müqayisə edib, tanımalıyıq. İndi özünüz hökm verin, əgər bir nəfər, mö`min kimi tanınıbsa, onun Qur`an, hədis və saleh bəndələrin ziddinə olan rəftarları və danışıqlarına göz yumub, onu İslamın bir nümayəndəsi hesab etmək olar? Əlbəttə ki, xeyr! Əksinə biz, kimliyindən və tutduğu ictimai mövqeyindən asılı olmayaraq, hər bir məkanda və hər bir zamanda dindən sapınan insanlardan uzaqlaşmalı və həqiqəti izləməliyik.

Kamal: Doğrudur. Bu vaxta kimi Məhəmməd ibn Əbdül Vəhhaba qatı inamım var idi, lakin indi başa düşdüm ki, o, çox böyük səhvlərə yol veribdir. Belə ki, ölümü puç və fanilik hesab etmək, küfrdür. Məncə, onun dini hökmlər verməyə heç bir səlahiyyəti yoxdur.

Məhəmməd: Məhəmməd ibn Əbdül Vəhhabın kimliyi barədə sonra söhbət edərik. İndi gəl, öz mövzumuz barədə danışaq.

Kamal: Mən qəbul edirəm ki, insan, öldükdən sonra puç və fani olmur. Amma bizim əqidəmizə görə Allahın məxluqlarına təvəssül etmək, şirk və dindən sapınmaqdır. Siz, Peyğmbərə (s.ə.v.a), imamlara (ə) və saleh insanlara təvəssül etməyi necə izah edirsiniz?

Məhəmməd: Sizin əqidənizə görə diri bir insandan köməklik istəmək və ya ondan dua etməyi xahiş etmək düzgündür? Məsələn, “Ey Baqir, ey Cə`fər, ey Rza mənə bir dinar köməklik göstər” və ya “ey filankəs, mənim bağışlanmağım üçün dua et” və yaxud “ey yoldan ötən, mənim əlimdən tutub, məscidə apar” kimi müraciətlərlə bir nəfərdən köməklik istəmək olar?

Kamal: Bəli, düzgündür.

həmməd: Əvvəlki söhbətlərimizdən aydın oldu ki, ölülər də eynilə dirilər kimi eşidirlər. Deməli, ölülərə də təvəssül edib, onlardan köməklik istəmək olar.

Kamal bir qədər fikrə daldıqdan sonra başını qaldırıb, dedi: “Siz, haqlısınız.”

Məhəmməd: Peyğəmbərə (s) və digər saleh bəndələrə təvəssül etmək barədə başqa bir sübutumuz da var.

Kamal: O hansı sübutdur?

Məhəmməd: Peyğəmbərin səhabələri[10] o həzrətə, həm həyatda ikən, həm də dünyadan köçdükdən sonra təvəssül ediblər və nə Peyğəmbərin (s) özü və nə də onun səhabələrindən heç kim bu işin qarşısını almayıbdır. Əgər Allahdan başqasına təvəssül etmək şirk olsaydı, şübhəsiz ki, onlar, bu işin qarşısını alardılar.

Kamal: Deyə bilərsiniz ki, Peyğəmbərin (s) vəfatından sonra kim o həzrətə təvəssül edibdir?

Məhəmməd: Sizə tarixdən bir neçə nümunə gətirirəm:

Beyhəqi[11] və İbn Əbi Şeybə mö`təbər sənədlə rəvayət ediblər ki, Ömərin xəlifəliyi dövründə qəhətlik baş verdi. Bilal ibn Hərəs, Peyğəmbərin (s) qəbri üstünə gəlib, dedi: “Ey Allahın Rəsulu, ümmətin üçün yağış yağmağı dua et, onlar həlak olmaq üzrədirlər!”[12] Bu rəvayəti Əhməd ibn Zeyni Dehlan da nəql edibdir.

Bildiyiniz kimi Bilal, uzun müddət Peyğəmbərin köməkçisi və səhabəsi olub və birbaşa və vasitəsiz olaraq şər`i hökmləri peyğəmbərdən öyrənib. Əgər Peyğəmbəri (s) səsləyib, ona təvəssül etmək şirk olsaydı, şübhəsiz ki, Bilal bu işi görməz və ya başqa səhabələr onu bu işdən çəkindirərdilər. Bu hadisə, Peyğəmbərə təvəssül etməyin caiz olduğunu yetirən möhkəm bir sübutdur. Həmçinin Beyhəqi, Ömər ibn Xəttabdan belə nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Adəm (ə) səhvə yol verdiyi üçün dedi: “Ya rəbbi əs`əlükə bihəqqi Muhəmmədin illa ma ğəfərtə li...”

Yə`ni, ilahi, Məhəmmədin hörmətinə mənim günahımı bağışla![13]

Beləliklə, əgər Peyğəmbərə (s) təvəssül etmək, şirk və haram olsaydı, heç vaxt həzrət Adəm (ə) belə bir iş tutmazdı.

Başqa bir rəvayətdə deyilir: “Mənsur Dəvaniqi, Həcc ziyarətinə gedir və Peyğəmbərin (s) qəbrini də ziyarət edir. O, Peyğəmbərin (s) məzarının kənarında dayanıb, Maliki məzhəbinin banisi Malik ibn Ənəs ibn Haris ibn Qeyman ibn Xəsil ibn Əmrə deyir: “Ey Əbu Abdullah, burada üzü qibləyə tərəf dayanıb, dua edim, yoxsa Allah Peyğəmbərinin qəbrinə tərəf?” Malik deyir: “Sənə və sənin cəddin Adəmə (ə) Allah dərgahında vasitəçi olan Peyğəmbərdən (s) nə üçün üzünü döndərirsən? Ona tərəf üz tut və onu özünə şəfaətçi qərar ver! Şübhəsiz ki, Allah taala onun şəfaətini qəbul edəcəkdir. çünki Allah taala buyurub:

 وَ لَوْ أنَّهُمْ اِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جآءُوكَ فَاسْتَغْفَرُوا اللهَ وَ اسْتَغْفَرَ لَهُم الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوّاباً رَحِيماً

Yə`ni, «əgər onlar, özlərinə qarşı zülm etdikləri vaxt sənin yanına gəlib, Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onların bağışlanmasını istəsəydi, hökmən Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.»[14]

Malik ibn Ənəsin bu sözü- yə`ni, sənə və sənin cəddin Adəmə (ə) Allah dərgahında vasitəçi olan Peyğəmbərə (s)[15] - bir daha sübuta yetirir ki, peyğəmbərə təvəssül etmək, nəinki caizdir, hətta müstəhəb bir əməl sayılır. Darəmi, öz “Səhih”ində Əbdül-Cövzadan nəql edir ki, Mədinə əhalisi şiddətli bir qəhətliyə düçar olmuşdular. Onlar bu çətinlikdən Ayişəyə şikayət etdilər. Ayişə dedi: “Baxışlarınızı Peyğəmbərin (s) qəbrinə cəm edib, bu baxışlarla asimana doğru bir ümid qapısı açın... (yə`ni, Peyğəmbəri Allah yanında şəfaətçi qərar verin.)” Onlar, Ayişənin dediyi kimi etdilər. Bu təvəssülün nəticəsində yağış yağmağa başladı. Bitkilər yaşıllaşdı və dəvələr (bolluca ot yeyib) dərilərinə sığmadığı üçün dəriləri çatladı. Buna görə o ili, “çatlama ili” adlandırdılar[16].

İslam tarixi kitablarında yüzlərlə buna oxşar rəvayət mövcuddur və bu hədislərin hamısı vəfat etdikdən sonra da Peyğəmbərə (s) təvəssül etməyin caiz olduğunu yetirir.

Əgər Peyğəmbərə (s) təvəssül etmək caizdirsə və haram və şirk sayılmırsa, deməli, imamlara (ə), mələklər və saleh bəndələrə də təvəssül etmək caizdir. Xülasə, əgər bu əməl, yə`ni, təvəssül etmək, şirk olsaydı, hətta peyğəmbərə də təvəssül etmək haram və qadağan olardı. Əgər Peyğəmbərə təvəssül etmək caizdirsə, deməli, Allahın bütün saleh bəndələrinə də təvəssül etmək olar.

Kamal: Çox təəssüflənirəm ki, sizin dediyiniz bu rəvayətlərin heç birini indiyədək nə bir kəsdən eşitmişəm, nə də özüm hədis kitablarından oxumuşam.

Məhəmməd: Əgər hədis kitablarına müraciət etsəniz, Peyğəmbərə təvəssül etmək barədə yüzlərlə hədis görərsiniz. Mənim sizə dediyim hədislər, dəryadan bir damla kimidir. Belə görünür ki, hədislər və saleh bəndələrin həyatı barədə mə`lumatınız çox azdır.

Kamal: Düzdür. Hədis və tarix kitablarını oxumağa böyük həvəsim var, amma işim çox olduğu üçün mütaliə etməyə vaxt tapa bilmirəm.

Məhəmməd: özünüz e`tiraf edirsiniz ki, hədislər barədə mə`lumatınız çox azdır. Bəs nə üçün təkcə Məhəmməd ibn Əbdül Vəhhabın sözünə əsaslanıb, şiələri, hətta digər müsəlmanları təhqir edir və onları müşrik adlan­dırırsınız? Sizin bu rəftarınız əsla düzgün deyil. Əgər incimirsinizsə, sizinlə açıq danışım.

Kamal təbəssümlə dedi: Ürəyindən keçənləri gizlətmə, de! Mən səni özümə dost hesab edirəm və elə buna görə də bu mövzunu ortaya saldım ki, sənin mə`lumatlarından bəhrələnim.

Məhəmməd: Sən, eynilə, atalarının bütpərəstliyini bəhanə edən Qüreyş kafirləri kimi danışırsan. Onlar belə deyirdilər:

 اِنّا وَجَدْنآ ءَاَبآءَنا عَلَى اُمَّةٍ وَ اِنّا عَلَى ءَآثرِهِمْ مُقْتَدُون

Yə`ni, «(bu) bizim ata-babalarımızın dinidir və biz də onların yolunu gedirik[17]».

Onlar, bu bəhanə ilə bütpərəstliklərini davam etdirirdilər. Heç bilirsən ki, Allah taala nə üçün onları məzəmmət edib? çünki onlar, peyğəmbərlərin sözlərini dinləmir və onların haqq olub-olmadıqlarını araşdır­mırdılar. Nəticədə də öz bütpərəstliklərini davam etdirirdilər.

Sizdən xahiş edirəm, kor-koranə şəkildə bütpərəstlər kimi atalarının yolunu davam etdirməyəsən və təfəkkürlə həqiqəti kəşf edib, onun əsasında həyatını qurasan.

Hədis kitablarına müraciət etsən bilərsən ki, Allah övliyalarına təvəssül etməyi haram və şirk bilənlərin əqidəsi, bütün İslam firqələrinin bu barədəki əqidələrinin ziddinədir. Bu sözümlə razılaşırsan?

Kamal: Bəli... Deyəsən şiələr və digər müsəlmanlar bu barədə haqlıdırlar.

Mən, indiyədək şiələri təhqir edib, onları müşrik adlandırmışam. Bu yaramaz əməlimin bağışlanması üçün nə etməliyəm?

Məhəmməd: Allahdan bağışlanmaq dilə və hər bir vaxt həqiqəti kəşf etmək üçün sə`y göstər. Ümidvaram ki, Allah sizi bağışlayar.

Bir də ki, şiələrin barəsində eşitdiklərini araşdırıb, bu sözlərin haqq ya nahaq olduğunu özün əldə et. Kor-koranə təəssübkeşliyi kənara qoy, çünki Peyğəmbər (s) bu barədə buyurub: “(Yersiz) təəssübkeşliyin məkanı, atəşdir.”

Kamal: Söz verirəm ki, sizin tövsiyənizə əməl edim. Həqiqəti mənə aşkar etdiyiniz üçün sizə təşəkkür edirəm.


 

[1] “Kəşfül-irtiyab” kitabı, 139-cu səh. (Bu mətləb, “Xülasətül-kəlam” kitabından əxz olunub, 230-cu səh.)

[2] Qaf surəsi, 22-ci ayə

[3] Bəqərə surəsi, 154-cü ayə

[4] Ali-İmran surəsi, 169-cu ayə

[5] Əbu Abdullah Məhəmməd ibn İsmayıl Buxari Cu`finin tə`lif etdiyi “Səhihi-Buxarı” kitabı, 1-ci cild, 462-ci səh; 85-ci bölüm, “Əl-cənaiz” fəslindəki “Qəbr əzabı” mövzusu , 1304-cü hədis. Bu hədis, belə də nəql edilib: “Peyğəmbər (s.ə.v.a), Bədr quyusunun kənarından keçdiyi vaxt müşrik ölülərə xitab edib, dedi: “Allahınızın sizə və`d etdiyini haqq gördünüzmü?” O həzrətin həmsəfərləri dedilər: “Siz, ölülərlə danışırsınız?”Peyğəmbər (s.ə.v.a) buyurdu: “Siz, güman etməyin ki, onlardan daha yaxşı eşidirsiniz, onlar yalnız cavab verməyə qadir deyildirlər.”

[6] Əbu Hamid Məhəmməd ibn Məhəmməd Qəzzalinin “Ehyaül-ülum” kitabı, 4-cü cild, 493-cü səh; 7-ci bölüm, “Ölümün mahiyyəti” adlı fəsil

[7] Əvvəlki mənbə

[8] Səhihi-Buxarının 1-ci cildi, 462-ci səh; 85-ci bölüm, 1034-cü hədis, “Kitabül-cənaiz” fəslindəki “Qəbir əzabı” mövzusu

[9] Kəşfül-irtiyab, 139-cu səh.

[10] Peyğəmbərə iman gətirib, onu görən və müsəlman olaraq dünyadan köçənlərə “səhabə” deyilir. Peyğəmbərə iman gətirdiyi müddətdən ölüm anınadək olan müəyyən fasilədəbir müddət mürtəd olsa da yenə bu şəxs, “səhabə” sayılır. (“Ər-ri`ayətü fi elmil-dirayət” kitabı, 339-cu səh.-yə müraciət edin)

[11] Beyhəqinin “Sünənül-kübra” kitabı və İbn Əbi Şeybənin “Əl-müsənnəf” kitabının 7-ci cildi, 481-ci səh.

[12] “Əddürərüs-səniyyə” kitabı, 18-ci səh.:

 يا رَسُولَ الله استسق لِأُمَّتِكَ فَاِنَّهُمْ هلكوا

[13] Səmhudinin “Xülasətül-kəlam” kitabı, 17-ci səh. (Misir çapı, 1305-ci il), həmçinin Təbraninin “Əl-mö`cəmül-kəbir” kitabı, 9-cu cild, 18-ci səh.

[14] Nisa surəsi, 64-cü ayə, həmçinin “Xülasətül-kəlam” kitabı, 17-ci səh.

[15] “Xülasətül-kəlam” kitabı, 17-ci səh.

[16] “Sünəni-Darəmi”nin 1-ci cildi, 43-44-cü səh.-lər, “Ma əkrəməllahu təala bi nəbiyyihi bə`də motihi” adlı bölüm.

[17] Züxrüf surəsi, 23-cü ayə