Möhürə səcdə

 

Sami: Əli, siz şiələr, qurumuş bir palçıq olan möhürə səcdə edərək, şirkə düçar olur və Allah əvəzinə ona sitayiş edirsiniz!

Əli: Sizdən bir sual soruşa bilərəm?

Sami: Buyurun!

Əli: Allahın cisminə səcdə etmək vacibdirmi?

Sami: Sənin bu sualın Allaha qarşı küfrdür, çünki Allah, cisim deyil. Odur ki, gözə görünmür və əl ilə ləms olunmur. Şübhəsiz ki, Allahın bir cisim olduğuna e`tiqad bəsləyən şəxs, kafirdir.

Bundan əlavə, səcdə Allah qarşısında bəndəçilik və zəlillik nişanəsidir və buna görə də biz, Allah üçün (və Onun qarşısında) səcdə edirik. Biz, Allahın üzərinə (Onu bir cisim sanıb) səcdəyə getmirik, çünki bu tərzi-təfəkkür, küfrdür.

Əli: Sizin verdiyiniz bu cavabla sübut etmək olar ki, möhür üzərinə səcdə etmək, şirk deyildir. çünki əgər biz, möhürü Allah bilsəydik, bu halda möhürün üzərinə deyil, onun qarşısında səcdə edərdik. Bir qədər öncə qeyd etdiniz ki, sitayiş edən şəxsin məqsədi, Allahın üzərinə deyil, Onun qarşısında səcdə etməkdir.

Sami: İlk dəfədir ki, belə bir təhlil eşidirəm. Deməli, siz əgər möhürü Allah bilsəydiniz, onun üzərinə səcdə edə bilməzdiniz. Lakin siz, alnınızı möhürün üzərinə qoyub, səcdə edirsiniz və bu əməl, sübuta yetirir ki, siz, bu möhürü Allah hesab etmirsiniz.

İndi mən sizdən bir sual soruşa bilərəm?

Əli: Buyurun.

Sami: Axı nə üçün siz şiələr, ancaq möhür üzərinə səcdə edirsiniz, yə`ni başqa əşyalar üzərinə səcdə etmək düzgün deyil?

Əli: Allahın elçisi (s) buyurub:

 «جُعِلَتْ لِيَ الْاَرْضُ مَسْجِداً وَ طَهُوراً»

Yə`ni, «torpaq mənim üçün (mənim dinimdə), səcdə yeri və pakedici qərar verilibdir»[1]. İslam dininə mənsub olan bütün məzhəblər torpaq üzərinə səcdə etməyin caiz olduğu barədə eyni əqidədə olduqları üçün biz də torpaq üzərinə səcdə etməyə daha üstünlük veririk.

 Sami: Sizin dediyinizə görə bütün müsəlmanlar eyni əqidədədirlər ki, torpaq üzərinə səcdə etmək düzgündür. Bu barədə sübutunuz varmı?

 Əli: Tarixə nəzər saldıqda görürük ki, İslamın əziz Peyğəmbəri (s) Mədinə şəhərinə hicrət etdikdən sonra orada bir məscid tikdirdi. Deyə bilərsiniz ki, bu məscidin yerinə nə döşəmişdilər?

 Sami: O məscidin yerinə heç nə döşəməmişdilər.

 Əli: Peyğəmbər (s) və müsəlmanlar bu məsciddə nəyin üzərinə səcdə edirdilər?

 Sami: Torpağın üzərinə.

 Əli: Deməli, İslam Peyğəmbəri (s), quru yerdə dayanıb, torpaq üzərinə səcdə edərək, namaz qılıbdır. Həmçinin, istər o həzrətlə eyni zamanda yaşayan müsəlmanlar, istərsə də o həzrətdən sonra gələn müsəlmanlar torpağın üzərinə səcdə edibdirlər. Odur ki, torpaq üzərinə səcdə etmək, doğru və düzgün bir əməl sayılır və bu barədə şəkk-şübhə üçün bir yer yoxdur. Biz də öz Peyğəmbərimizin (s) yolunu davam etdirərək, torpaq üzərinə səcdə edirik və şübhəsiz ki, qıldığımız namazlar da düzgündür.

 Sami: Bəs nə üçün siz şiələr, özünüzlə gəzdirdiyiniz möhürdən başqa bir yerə səcdə etmirsiniz?

 Əli: Sizin bu sualınızın cavabı iki hissədən ibarətdir:

Şiə məzhəbinin nəzərincə yerin hər bir hissəsinə – istər torpaq yer olsun, istərsə də daş yer olsun-səcdə etmək caizdir.

Səcdə yerinin paklığı, düzgün namazın şərtlərindən biridir. Deməli, murdar bir yerə və murdar torpağa səcdə etmək namazın batil olmasına səbəb olur. Buna görə də biz, pak bir torpaq (qurudulmuş palçiq) parçasını özümüzlə gəzdirir və xatircəmliklə bu pak torpaq üzərinə səcdə edərək, namaz qılırıq. Əlbəttə, müəyyən bir torpağın və ya yerin murdar olduğuna tam əmin olmadıqda da, o yerə səcdə etməyi caiz bilirik.

 Sami: Əgər məqsədiniz xalis və pak torpaq üzərinə səcdə etməkdirsə, onda nə üçün möhür əvəzinə özünüzlə bir qədər pak torpaq gəzdirmirsiniz?

 Əli: Torpağı cibə tökmək, paltarın kirlənməsinə bais olduğu üçün biz, bu torpağı su ilə qarışdırıb, qurudur və onu bu şəkildə özümüzlə gəzdiririk.

 Başqa bir tərəfdən də səcdə, yalnız Allaha məxsusdur və Onun qarşısında bəndəçiliyin ən yüksək dərəcəsidir. Torpaq üzərinə səcdə etmək isə bu bəndəçiliyi son bir həddinə yetirir. Beləliklə də əgər biz, səcdə etməklə Allah qarşısında öz bəndəçiliyimizi izhar etmək istəyiriksə, üzərinə səcdə etdiyimiz əşya, qürur doğuran amillərdən kənar olmalıdır. Buna görə də müqəddəs İslam şəriətində tövsiyə olunur ki, səcdə yeri, əllər və dizlər qoyulan yerdən aşağıda olsun[2] və səcdə halında burun yerə dəysin, çünki bunlar bəndəçiliyin artmasına bais olur.

 Xülasə, bir parça quru gil üzərinə səcdə etmək, başqa əşyalar üzərinə səcdə etməkdən daha yaxşıdır. Səcdə halında insan, cisminin ən əziz üzvünü, yə`ni alnını torpaq üzərinə qoyur, bu yolla Tanrısı qarşısında öz bəndəçiliyini bildirir və Onun əzəməti və cəlaləti qarşısında nə qədər aciz olduğunu duyur. Çox güman ki, qiymətli xalça və ya səccadə və yaxud qızıl, gümüş və əqiq kimi qiymətli əşyalar üzərinə səcdə etmək, Allahın əzəməti qarşısında bəndəçiliyk və acizlik hissələrinin aradan getməsinə bais ola bilər.

 Sizin nəzərinizcə Xaliq qarşısında bəndəçiliyk hissələrini çoxaldan bir əşya üzərinə səcdə etmək, şirk və küfr, amma bu hissin azalmasına bais olan əşyalar üzərinə səcdə etmək Ona yaxın olmaq nişanəsidir?

 Sami: Sizin namazda istifadə etdiyiniz möhürlərin üzərində bə`zi sözlər həkk olunubdur, bu sözlər nəyi bildirir?

 Əli: möhürlərin hamısında yazı yazılmayıbdır. Amma üzərində yazı yazılan möhürlər bildirir ki, bu möhür, Kərbəla[3] türbətindən hazırlanıbdır. Sizin fikrinizcə, bu əməl şirkdir? Və ya üzərində yazı yazılan möhürə səcdə etmək düzgün deyildir? Əgər belə fikirləşirsinizsə, düz fikirləşmirsiniz.

 Sami: Kərbəla torpağından olan möhür hansı xüsusiyyətə malikdir ki, şiələr bu möhür üzərinə səcdə etməyi daha üstün bilirlər?

 Əli: Kərbəla türbəti üzərinə səcdə etmək barədə belə bir hədis mövcuddur:

السجُودُ عَلی تُرْبَةِ الْحُسَيْن عَلَيْهِ السَّلامُ يَخْتَرِقُ الْسماوات السَّبْعَ

Yə`ni, «imam Hüseynin (ə) türbətinə səcdə etmək, (göyün) yeddi qatını yarır»[4].

 Bu hədisdə bildirilir ki, imam Hüseynin (ə) türbətinə səcdə edib, namaz qılmaq, bu namazın Allah dərgahında qəbul olunmasına səbəb olur. çünki bu torpaq, başqa tor­paqlardan üstün qərar verilibdir.

 Sami: Demək istəyirsiniz ki, imam Hüseynin (ə) türbəti üzərinə səcdə etmək, batil namazların da Allah dərgahında qəbula yetməsinə səbəb olur?

 Əli: Şiə məzhəbinin nəzərincə, namazın şərtlərinə riayət etmədikdə, namaz batil olur və Allah dərgahında da qəbula yetmir. Lakin bə`zən, namazın bütün şərtlərinə riayət etdiləsinə baxmayaraq, bu namaz Allah dərgahında qəbul olunmur və ona heç bir savab yazılmır. Qeyd etməliyik ki, namazın düzgünlüyü və onun Allah dərgahında qəbula yetməsi başqa-başqa mövzulardır. Odur ki, biz şiələrin əqidəsincə, imam Hüseynin (ə) türbəti üzərinə səcdə edən şəxsin namazı hökmən qəbula yetir, hətta ona artıq savab da yazılır. Bir şərtlə ki, bu şəxs, namazın şərtlərinə riayət etməlidir.

 Sami: Sizin nəzərinizcə Kərbəla torpağı, bütün torpaqlardan, hətta Məkkə və Mədinə torpağından da üstün və şərafətlidir? çünki siz, indicə e`tiraf etdiniz ki, bu türbət üzərinə səcdə etməyin savabı başqa torpaqlar üzərinə səcdə etməyin savabından daha çoxdur!

 Əli: Fikrinizi daha da açıqlaya bilərsiniz?

 Sami: Demək istəyirəm ki, həzrət Adəmin (ə) dövründən indiyədək əmin-amanlıq hərəmi sayılan Məkkə torpağı və Rəsuli-Əkrəmin (s) dəfn edildiyi Mədinə torpağının fəziləti və şərafəti Kərbəladan azdırmı? Yə`ni Hüseyn ibni Əli, babası Peyğəmbərdən üstündür? Bu, çox qəribə bir düşüncədir!

 Əli: Biz, əsla belə düşünmürük. Şübhəsiz ki, imam Hüseynin (ə) əzəmət, məqam və şərafəti babası Rəsulüllahın (s) əzəmət, məqam və şərafəti sayəsindədir. Bunu da bilirik ki, imam Hüseyn (ə), babasının gətirdiyi din uğrunda qiyam edib, bu yolda şəhadətə yetdiyi üçün belə bir əzəmət və şərafəti əldə edibdir. O, İslam dinini mənfəətpərəstlərin əlindən qorumaq və onun üsullarını möhkəmləndirmək üçün ailəsini və köməkçilərini fəda etdiyinə xatir Allah taala, bu üç şeyi o imama bəxşiş etdi: 1-O həzrətin hərəmində edilən dua müstəcab olur; 2- Ondan sonra gələn mə`sum imamlar o həzrətin nəslindəndir; 3-O həzrətin türbəti hər bir dərd üçün şəfa qərar verilibdir[5].

 Bəli, imam Hüseyn (ə), müqəddəs İslam dini yolunda faciəli şəkildə şəhid olduğu üçün Allah taala, Kərbəla torpağına belə bir məqam və əzəmət bəxş etmişdir. İmam Hüseynin (ə) bütün köməkçiləri döyüş meydanında şəhid oldular və o həzrətin qızları və qadınları əsir düşdülər. Bir sözlə, imam Hüseyn (ə), İslam dininin müdafiəsi və mühafizəsi yolunda hər bir çətinliyə dözdü və bu ilahi imtahandan başıuca çıxdı. Sizin nəzərinizcə bu fədakarlığa görə o həzrətin türbətinə belə bir əzəmət və məqamın bəxş edilməsi qeyri-məntiqidirmi? Və yaxud Kərbəla türbətinin başqa torpaqlardan, o cümlədən, Mədinə torpağından üstün olmağı, imam Hüseynin (ə) Peyğəmbərdən üstün olduğuna dəlalət edir?

 Bir daha təkrar edirəm ki, biz şiələr əsla belə düşünmürük!

 İmam Hüseynin (ə) türbətinə ehtiram bəsləmək, o həzrətə ehtiram bəsləməkdir və imam Hüseyni (ə) əziz tutmaq, Allahı və Onun elçisini (s) əziz tutmaqdır.

 Sami: Gətirdiyiniz bu sübutlar tamamilə məntiqə uyğundur. Bu söhbətimizdən əvvəl mən elə düşünürdüm ki, siz şiələr, imam Hüseyni (ə) hətta Peyğəmbərdən belə üstün bilirsiniz. İndi isə həqiqəti bildim və belə dəyərli və faydalı mə`lumatları mənə çatdırdığınız üçün sizə təşəkkür edirəm. Bundan sonra mən də, xalça və ya mə`dəndən çıxarılan qiymətli əşyaların əvəzinə müqəddəs Kərbəla torpağından bir qədərini üstümdə gəzdirib, onun üzərinə səcdə edəcəyəm.

 Əli: Mən, sizi düşmənlərin bizə vurduqları yalan və əsassız töhmətlərdən agah etmək üçün əlimdən gələni əsirgəmədim; onlar özlərini müsəlman hesab edirlər, amma həqiqətdə bütün müsəlmanların düşmənidirlər. Ümidvaram ki, bundan sonra şiə məzhəbinin əqidə və düşüncələrinin əleyhinə eşitdiyin sözləri həmin an qəbul etməyib, həmişə həqiqəti tapmaq üçün sə`y göstərəsən. Mənim sizdən xahişim yalnız budur.


[1] “Səhihi-buxari”nin 1-ci cildi, 128-ci səh; “Kitabüt-təyəmmüm”dəki 328-ci hədis, “Səhihi Müslim”in 2-ci cildi, 9-cu səh; “Kitabül məsacid və məvaziüs-səlat” kitabındakı 5-ci hədis, “Sünəni Tirmizi”nin 2-ci cildi, 131-ci səh; 36-cı bölüm, 317-ci hədis, Şeyx Səduqun “Mən la yəhzuruhul-fəqih” adlı kitabının 1-ci cildi, 155-ci səh; 38-ci bölüm, 1-ci hədis, “Vəsailüş-şiə” kitabının 2-ci cildi, 969-970-ci səh.-lər, 7-ci bölüm, 2-ci hədis.

[2] Mühəqqiq Hillinin “Şərayiul islam” kitabı, 1-ci cild, “Səcdənin müstəhəb əməlləri” fəsli

[3] Həzrət peyğəmbər (s.ə.v.a) buyurub: “Mənim övladlarımdan biri (yə`ni, imam Hüseyn) Kərbəla adlı bir yerdə dəfn ediləcəkdir. Bu yer, “Qübbətül-İslam” (yə`ni, İslamın aman yeri) adlanır. Belə ki, Allah taala Nuh peyğəmbərlə birgə olan mö`minləri bu yerdə tufandan nicat vermişdir.” Həmçinin imam Baqir (ə) buyurub: “Musa ibn İmran, Ğaziriyyədə (Kərbəlanın başqa bir adıdır) Allah ilə söhbət etmiş və Nuh peyğəmbər, bu yerdə öz Rəbbi ilə münacatla məşğul olmuşdur. Bu yer, Allah yanında hər yerdən əzizdir. Əgər bu yer, Allah üçün əziz olmasaydı, heç vaxt peyğəmbər övladları və övliyaların məzarını burada qərar verməzdi. (Kərbəlada iki yüz peyğəmbər və iki yüz peyğəmbər canişini dəfn edilibdir.) Bizim Ğaziriyyədə yerləşən məzarları ziyarət edin! Allah taala Kə`bəni yaradıb, oranı əmin-amanlıq hərəmi və mübarək bir məkan qərar verməmişdən iyirmi dörd min il öncə Kərbəlanı əmin-amanlıq hərəmi və mübarək bir məkan qərar vermişdir. Kərbəla torpağı və Fəratın suyu, Allah taalanın müqəddəs qərar verdiyi ilk torpaq və ilk sudur.” (İbn Quləveyh Cə`fər ibn Məhəmməd Qumminin “Kamilüz-ziyarət” kitabı, 444-cü səh; “Kərbəlanın fəziləti “ adlı 88-ci bölüm) Həmçinin Ə`la ibn Übəyy Acə, Rə`sül-Calutdan nəql edir ki, atası ona dedi: “Mən, hər dəfə Kərbəla torpağına yaxınlaşdıqda qatırımı qamçılayıb, tələsik oradan xaric olurdum.” Mən, atamdan bunun səbəbini soruşduqda, o, belə cavab verdi: “Camaat arasında belə söz gəzirdi ki, bu məkanda Peyğəmbər övladlarından birini qətlə yetirəcəklər. Mən də öz canımın qorxusundan –bu gümanla ki, birdən qətlə yetirilən şəxs, mən olaram- tələsik o yerdən keçib, gedirdim. Lakin imam Hüseyn (ə) şəhid edildikdən sonra bildik ki, bu yer barəsində deyilən sözlər, imama aid imiş. Bu hadisədən sonra artıq mən, bu yerdən tələsmədən keçib, gedirdim.” (“Tarixi-Təbəri”nin 5-ci cildi, 393-cü səh; “Altmışıncı hicri-qəməri ilinin hadisələri” adlı fəsil. Həmçinin “Əl-kamil fit-tarix”in 4-cü cildi, 90-cı səh; “Altmışıncı hicri ilinini hadisələri”)

[3] “Misbahül-mütəhəccid” kitabının 734-cü səh.-də qeyd olunubdur ki, Müaviyə ibn Əmmar belə nəql edir: “İmam Sadiq (ə) imam Hüseynin (ə) türbətindən bir qədər götürüb, sarı rəngli ipək parçanın arasında saxlayırdı və namaz vaxtı o türbəti səccadəsinə qoyub, onun üzərinə səcdə edirdi.”

[4] “Misbahül-mütəhəccid” kitabının 734-cü səh.-də qeyd olunubdur ki, Müaviyə ibn Əmmar belə nəql edir: “İmam Sadiq (ə) imam Hüseynin (ə) türbətindən bir qədər götürüb, sarı rəngli ipək parçanın arasında saxlayırdı və namaz vaxtı o türbəti səccadəsinə qoyub, onun üzərinə səcdə edirdi.”

[5] “Kamilüz-ziyarət” kitabı, 274-cü səh.